Müxtəlif sərnişinlərin ictimai nəqliyyatda davranış qaydaları pozmaları, avtobusda nalayiq hərəkətlər edən, digərlərinin narazılığına səbəb olanlar haqqında dəfələrlə süjetlər təqdim etmişik. Sıradakı xəbərimiz də bu haqdadır. Bu dəfə sərxoş bir nəfər 133 saylı xətt üzrə hərəkət edən avtobusa minərək digərlərini narahat etməyə başlayıb. Onu avtobusdan güc-bəla ilə düşürüblər.
Hamı onu avtobusdan düşürmək istəyir, o isə yoluna davam etməkdə israrlıdır.
Bu video bir daha sərnişinlərin ictimai nəqliyyatda davranış qaydalarını aktuallaşdırır.
Görüntülərdəki şəxs sərxoş şəkildə 133 saylı xətt üzrə hərəkət edən avtobusa minib. Marşrut xəttinin dəstə rəisi Zahid Məmmədovun dediyinə görə, hadisə zamanı digər sərnişinlər ondan avtobusdan düşməyi tələb etsələr də, bunun heç bir faydası olmayıb.
Bir dəfə onu avtobusdan düşürsələr də, sərxoş şəxs hərəkətdə olan avtobusa yenidən minib və sərnişinləri söyməyə başlayıb. Ən sonda isə onu birtəhər də olsa avtobusdan uzaqlaşdırmaq mümkün olub.
Dəstə rəisi Zahid Məmmədov bildirib ki, avtobuslarda belə hadisələr tez-tez yaşanır. Belə olanda sürücülər nəqliyyat vasitəsini saxlayırlar ki,həmin şəxs avtobusu tərk etsin
Ekspertlər bildirir ki, avtobus ümumi istifadədə olan nəqliyyat vasitəsi olduğundan burada istər sərnişinlərin, istərsə də sürücülərin əməl etməli olduğu qaydalar var. Sürücü qaydalara əməl etməyib sərnişinləri narahat edən şəxsi avtobusdan düşməsini tələb edə və bununla bağlı polisə müraciət edə bilər. Eyni zamanda sərnişinlər də bu cür hallara qarşı olmalı və belə hərəkətlərə yolverənləri ictimai qınağa çəkməlidir.