Bu il 41 rayondan olan 151 fermerə 10 milyon manat güzəştli kredit verilib.
Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, qurumun 2007-ci ildən bəri kredit verdiyi fermerlərin sayı 22 minə, kreditlərin ümumi məbləği isə 210 milyon manata çatıb. Kredit alanlardan 84-ü heyvandarlıq, 19-u isə bağçılıqla məşğul olur. Bundan başqa, xidmət 20 layihənin icrasına qərar verib. Mirzə Əliyev bəzi fermerlənin kredit istəyinə müvafiq maliyyə qurumları tərəfindən imtinaların verilməsinə də toxunub. İmtinalar əsasən həmin şəxslərin müvafiq girovlarının olmaması, gəlirləri təsdiq edə bilməməsi və digər səbəblərdən verilir.
Dövlət Xidməti bitki sağlamlığı istiqamətində də önəmli addımlar atıb. İlk dəfə olaraq, "Azərbaycan üçün karantin əhəmiyyətli zərərli orqanizmlər" atlası hazırlanıb və çap edilib. Vəsait həm elmi, həm də praktiki istifadə üçün nəzərdə tutulub. Atlasda ölkənin flora və faunası üçün təhlükəli hesab edilən, eyni zamanda xarici və daxili karantin tətbiq edilən ziyanverici orqanizmlər haqqında məlumat verilib və mübarizə üsulları göstərilib.
Sonda il ərzində görülən işlərlə bağlı təqdimat nümayiş etdirilib.