Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 18-də Səhiyyə Nazirliyinin Bakıdakı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.
XəzərXəbər xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, bu binada 1934-cü ildə Bakı Şəhər Səhiyyə Şöbəsinin nəzdində Balneofizioterapiya İnstitutu yerləşib. İki il sonra isə bu institutun bazasında Azərbaycan Dövlət Kurortologiya və Fizioterapiya İnstitutu yaradılıb. 1988-ci ildə bu institut Naftalan şəhərindəki problem laboratoriyası ilə birləşdirilərək Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutu adlandırılıb. 1999-cu ildə isə bu tibb müəssisəsinin adı profili və fəaliyyətinə uyğunlaşdırılaraq Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna dəyişdirilib.
Azərbaycanda bütün sanatoriya və kurort müəssisələrinin elmi cəhətdən əsaslandırılması, orada aparılan müalicə bu institut tərəfindən hazırlanmış elmi-metodiki tövsiyələr əsasında aparılır. İnstitutda konsultativ poliklinika, stasionar, diaqnostik tədqiqatlar və fiziki üsullarla müalicə şöbələri fəaliyyət göstərir. Tibb ocağının stasionar hissəsində terapiya, artrologiya və nevrologiya bölmələri olacaq. Diaqnostik tədqiqatlar bölməsində 3 laboratoriya yaradılıb. Kliniki-immunologiya, biokimyəvi və kliniki neyrofiziologiya laboratoriyalarında ən müasir avadanlıq quraşdırılıb. Bu avadanlıq laborator müayinələri qısa müddətə, həm də keyfiyyətlə aparmağa hərtərəfli imkan verir. Müalicəvi şöbələrə isə Naftalan nefti ilə müalicə, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin müalicəvi bədən tərbiyəsi kabineti aiddir. Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutundakı oftalmoloq, stomatoloq, terapevt, USM, EKQ, balneoloji vanna və digər otaqlar da müasir tibbi avadanlıqla təchiz olunub.
İnstitutun elm bölməsində 43 elmi işçi, klinika bölməsində 43 həkim, 76 tibb bacısı və 118 nəfər digər işçi olmaqla, burada ümumilikdə 280 nəfər çalışır. İşçilərin 20 nəfəri fəlsəfə doktoru, 3 nəfəri tibb elmləri doktoru, 2 nəfəri professor, 1 nəfəri isə professor, Əməkdar elm xadimi olmaqla AMEA-nın müxbir üzvüdür.
Son illərdə müasir tibb müəssisələrinin yaradılması, mövcud sağlamlıq ocaqlarının yüksək səviyyədə yenidən qurulması Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində icra edilən layihələrin mühüm tərkib hissəsidir. Səhiyyə sistemində aparılan ardıcıl islahatlar nəticəsində bu gün bu sahə yeni, müasir mərhələyə qədəm qoyub. Bu cür müasir səhiyyə ocaqlarının yaradılması, ilk növbədə, vətəndaşların sağlamlığının qorunması və bərpası, onların müayinə-müalicə işini yüksək səviyyədə qurmaq üçün atılan addımlardandır.
Sonra dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşdü.
Görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:
- Bu gün biz Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun əsaslı təmirdən sonra açılışını qeyd edirik. Bu münasibətlə institutun kollektivini ürəkdən təbrik edirəm. Bu gözəl hadisə münasibətilə bütün xalqımızı təbrik edirəm. Çünki bu institutun Azərbaycanda xüsusi yeri vardır. Təxminən bir əsrə bərabər ömrü olan bu bərpa mərkəzinin yenidənqurmadan sonra indi ikinci həyatı başlayır. Mən indi buradakı stendlərdə binanın əvvəlki vəziyyəti, tikinti zamanı çəkilmiş şəkilləri ilə tanış oldum. Onlar çox böyük maraq doğurur. Hələ 1925-ci ildə institutun tikintisi ilə bağlı müvafiq göstəriş verilmişdir. Bu institut 100 ilə yaxın müddət ərzində Azərbaycan sakinlərinə xidmət göstərmişdir. Siz – burada işləyənlər yaxşı bilirsiniz ki, bu institutun ölkəmizin səhiyyə sistemində xüsusi yeri var. Bilirəm, təmir zamanı vətəndaşlar gözləyirdilər ki, bu institut tezliklə açılsın və onun imkanlarından istifadə olunsun. Əlbəttə ki, bu gün burada yaradılan müasir şərait ən yüksək standartlara cavab verir. Həm təmir-tikinti işləri çox böyük peşəkarlıqla, zövqlə aparılıb, həm də burada quraşdırılan müasir avadanlıq, əlbəttə, xəstələrə ən yüksək səviyyəli xidmət göstərəcəkdir. Bu gün öz sağlamlığını bərpa etmək istəyənlər mütləq buraya gəlib şəfa tapacaqlar.
Bu institutun binası həm də çox gözəl memarlıq abidəsidir. Binanın həm xarici görünüşü, həm daxili dizaynı göz oxşayır. İnstitutun sahəsi də çox böyükdür, 14 min 600 kvadratmetr sahədə yerləşir. Yenə də demək istəyirəm ki, burada ən yüksək səviyyədə xidmət göstəriləcəkdir. Bu, bir daha ölkəmizin səhiyyə sahəsinə göstərdiyi diqqətin təzahürüdür. Bu, bir daha onu göstərir ki, insanların sağlamlığı bizim üçün ən əsas vəzifədir. Təsadüfi deyil ki, son 15 il ərzində təqribən 650-yə yaxın tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib, bax, bu səviyyədə təmir olunub. Bu gün ölkəmizin istənilən yerində yüksəkkeyfiyyətli tibbi xidmət almaq mümkündür. Demək olar ki, mərkəzi şəhər və rayon xəstəxanalarının tikintisi və əsaslı təmiri prosesi başa çatır, bir neçə xəstəxana öz açılışını gözləyir. Əminəm ki, yaxın 1-2 ildə bu məsələ də öz həllini tapacaq. Bu, ölkəmizin səhiyyə sisteminə verilən çox böyük töhfədir. Çünki bu gün hər bir şəhərdə, rayonlarımızın mütləq əksəriyyətində ən müasir standartlara cavab verən tibb müəssisələri fəaliyyət göstərir və vətəndaşlara xidmət edir. Əgər buna nail olmasaydıq, əgər səhiyyə sahəsinin maddi-texniki bazasını yaratmasaydıq, biz bu gün apardığımız siyasəti apara bilməzdik. Çünki bu gün sosial siyasətin tərkib hissəsi olan səhiyyə sahəsindəki islahatlar, qoyulan investisiyalar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, Azərbaycanda yüksək səviyyəli tibbi xidmət ala bilsinlər. Bildiyiniz kimi, son illərdə bütün ölkə üzrə 5 milyondan çox Azərbaycan vətəndaşı hər il pulsuz tibbi müayinədən keçir və aşkar edilən xəstəliklər müalicə olunur. Azərbaycan nadir ölkələrdəndir ki, belə genişmiqyaslı sosial layihə icra edilir. Mən dəfələrlə bildirmişdim ki, Azərbaycan vətəndaşları ildə ən azı bir dəfə tibbi müayinədən keçsinlər. Şadam ki, bu çağırışlar həyatda öz əksini tapır. Xüsusilə nəzərə alsaq ki, hər bir yerdə müayinədən keçmək üçün şərait var və 5 milyondan çox insanın bu imkanlardan istifadə etməsi bizim siyasətimizin qələbəsidir.
Ölkəmizdə bu sahədə aparılan işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. BMT-nin Minilliyin İnkişaf Məqsədləri Proqramı çərçivəsində, o cümlədən səhiyyə sahəsində aparılan işlər yüksək qiymətə layiqdir. Həmçinin Dünya Səhiyyə Təşkilatı bizim işimizi yüksək qiymətləndirir. Bir sözlə, bu sahədə aparılan islahatlar və dövlət tərəfindən qoyulan vəsait öz nəticəsini verir. Nəticə də ondan ibarətdir ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, gənc nəsil sağlam həyat tərzi sürsün, pis vərdişlərdən uzaq olsun. Sağlamlığı təmin və bərpa etmək üçün Azərbaycanda bütün şərait var. Bir daha demək istəyirəm ki, bu institutun yenidən fəaliyyətə başlaması bu sahədə atılan çox önəmli addımdır.
Mən sizi bu gözəl hadisə, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm. Sizə uğurlar arzulayıram, sağ olun.
X X X
Səhiyyə sisteminin müasirləşdirilməsi istiqamətində görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən səhiyyə naziri Oqtay ŞİRƏLİYEV dedi:
-Möhtərəm cənab Prezident, çox hörmətli Mehriban xanım.
Siz hər Yeni il ərəfəsində həmişə bir tibb müəssisəsi açırsınız. Çox sağ olun, bu gün də bu açılışda iştirak edirsiniz. Səhiyyə ilə bağlı xoş sözlərinizə görə Sizə dərin hörmət və ehtiramımızı bildirmək istəyirik.
Cənab Prezident, Siz səhiyyənin bütün problemlərinə, ümumiyyətlə, səhiyyəyə həmişə diqqət və qayğı ilə yanaşmısınız. Bu da o deməkdir ki, insanların sağlamlığı, gənc nəslin sağlam böyüməsi Sizin üçün ən vacib meyarlardan biridir. Bu, bizim dövlətin siyasətidir, bu, Sizin siyasətinizdir. O siyasətin göstəriciləri yüzlərlə yeni xəstəxana, tibb mərkəzi, ən müasir avadanlıq, təhsil üçün ən qabaqcıl xarici klinikalara göndərilən tələbələr, tibb işçiləri, mütəxəssislərdir. Bütün bunlara görə biz Sizə çox dərin minnətdarıq.
Cənab Prezident, Siz də, Mehriban xanım da tibb ictimaiyyətinin nümayəndələri ilə görüşəndə həmişə xüsusi vurğulayırsınız ki, həkimlik xüsusi sənətdir, həkim gərək bilikdən, bacarıqdan başqa, həm də şəfqət və mərhəmət sahibi olsun. Siz həmişə həkimlərə, tibb işçilərinə çox yüksək qiymət vermisiniz. Çalışacağıq ki, biz bu yüksək qiymətə layiq olaq. Çox sağ olun, cənab Prezident.
X X X
Sonda xatirə şəkli çəkdirildi.