Meşələrə şlaqbaumların quraşdırılması sürətlə davam etdirilir.
Ölkədəki meşə təsərrüfatlarının əksər hissələrinə şlaqbaumlar quraşdırılıb. Məqsəd meşələrin mühafizəsini daha da gücləndirmək, nəqliyyat vasitələrinin oraya girişini məhdudlaşdırmaq və kənar müdaxilələrin qarşısını almaqdan ibarətdir. Ekologiya və Təbii Sərvətlər nazirliyinin Meşələrin İnkişafı departamentinin aparıcı məsləhətçisi Sehran Qəmbərovun sözlərinə görə, daim yoxlamalar aparılır və lazımi yerlərə şlaqbaumların quraşdırılması təmin edilir.
Şlaqbaumlarla yanaşı meşələrin ətrafına məftil və digər vasitələrdən çəpər də çəkilir. Xüsusilə kəndlərə yaxın ərazilərdə aparılan bu çəpərləmələrin məqsədi meşələri mal-qaradan mühafizə etməkdir.
Yaxın vaxtlarda isə meşələrə kameraların quraşdırılmasına başlanılacaq. Nəticədə də həm meşəyə daxil olan nəqliyyat vasitələrini aşkarlamaq daha asan olacaq, həm də yanğın və digər hadisələrlə bağlı dərhal məlumat əldə ediləcək.