Fermerlərin sata bilmədikləri məhsulların dövlət ehtiyacları və digər məqsədlər üçün alımı prosesi daha təkmil şəkildə həyata keçiriləcək. Bu, dövlət başçısının fərmanı ilə yeni təsis edilən "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətə başlaması ilə mümkün olacaq. "Ərzaq məhsullarının tədarükü və təchizatı" açıq səhmdar cəmiyyəti isə ləğv ediləcək, onun hüquq və öhdəlikləri isə yeni yaradılan quruma həvalə olunacaq.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Vüqar Hüseynov deyir ki, qurumun nazirliyin tabeliyinə verilməsində əsas məqsədlərdən biri də süni yaradılan bəzi problemləri aradan qaldırmaqdır..
Yeni qurum dövlət qurumlarının tələbatını ödəmək üçün satınalmalar ilə yanaşı, ixrac əməliyyatları da həyata keçirə biləcək. Bu isə kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılmasına öz töhfəsini verəcək.