Xəzər Xəbər

Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi istifadəyə verilib - VİDEO

Veb TV | 20:02 • 14 Dekabr 2018
Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi istifadəyə verilib -

Dekabrın 14-də Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) yeni mobil tətbiqi geniş ictimaiyyətə təqdim edilib.


Xezerxeber.az xəbər verir ki, tətbiqin istifadəsinin üstünlükləri barədə məlumat verən DMX-nin rəisi Vüsal Hüseynov əcnəbi vətəndaşların olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, məhdudiyyətin və müraciət statusunun yoxlanması, son qeydiyyat tarixinin öyrənilməsi üçün kalkulyator, onlayn ödəmə və növbə, "ASAN Viza” və xidmətin digər istiqamətləri üzrə servis xidmətlərinə mobil tətbiq üzərindən çıxış əldə etmək imkanının yaradıldığını vurğulayıb. Bildirib ki, bu gün əcnəbilərin ölkəmizdə ən çox istifadə etdiyi DMX-nin xidmətlərindən biri olduğu yer üzrə qeydiyyatdır. Yəni, onlar ölkəmizdə 15 gündən artıq müddətdə qaldıqda ünvan qeydiyyatı aparılmalıdır. Bundan sonra əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mobil tətbiq vasitəsilə elektron xidmətlərdən mobil telefonla onlayn qaydada daha asan şəkildə istifadə edə və təxminən beş dəqiqədə bu qeydiyyatı həyata keçirə biləcəklər.


Azərbaycan, ingilis və rus dillərində hazırlanmış mobil tətbiq üzərindən birbaşa əlaqə vasitəsilə zəng və sorğuların cavablandırılması da həyata keçirilə bilər. Yaxın gələcəkdə dil seçimi menyusu zənginləşdiriləcək. Yüksək interaktivliyi ilə seçilən mobil tətbiq vasitəsilə istifadəçilərə istər qeydiyyat, istərsə də digər elektron xidmətlərlə bağlı mütəmadi yeniliklər, bildirişlər göndəriləcək.


Mobil tətbiqdə istifadəçilər üçün Azərbaycanın tarixi, ölkəmizdə fəaliyyət göstərən turistik məkanlar, istirahət mərkəzləri, milli musiqimiz, mətbəximiz barədə geniş məlumat bazası təqdim olunur. Hazırda bu tətbiqi "Playstore”dan yükləyərək quraşdırmaq mümkündür. Tezliklə "AppStore”dan da bu tətbiqi yükləmək olacaq. Mobil tətbiqin imkanlarının gələcəkdə genişləndirilməsi və daha artıq xidmətləri əhatə etməsi nəzərdə tutulur.


Sonra Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçiriləcək əcnəbilər üçün bir aylıq təbliğat-təşviqat kampaniyasının təqdimatı olub.


Qeyd edilib ki, bayram ərəfəsində ölkəmizə gələn əcnəbilərin sayında əhəmiyyətli artımın olması nəzərə alınaraq dekabrın 15-dən yanvarın 15-dək məlumatlandırma aylığı keçiriləcək.


Təbliğat-təşviqat kampaniyasının məqsədi əcnəbilərin 15 gün ərzində olduqları yer üzrə qeydiyyatı ilə bağlı məlumatlandırılmasıdır. Kampaniya iki istiqamət - videoçarxlar vasitəsilə ümumi maarifləndirmə və ünvanlı qaydada əcnəbilərin özlərinə məlumatların verilməsi üzrə aparılacaq.



Xəbər lenti

Çox oxunanlar