Yol hərəkəti təhəhlükəsizliyində ən ciddi məsələlərdən biri sürücünün idarə etdiyi nəqliyyat vasitəsinin texniki imkanlarını yaxşı bilməsi və onu peşəkarlıqla idarə etməsidir.
Dəhşətli qəzaların baş vermə səbəbləri barədə fikirlərini bölüşən hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynovun fikrincə, yolda hərəkət zamanı çıxılmaz vəziyyətə düşən sürücünün situasiyadan çıxması üçün təkcə özünün peşəkar olması kifayət etmir.
Harada baş verdiyi məlum olmayan bir dəhşətli qəzanın görüntüsünü misal gətirərək izahat verən eskeprt bildirib ki, saz olmayan avtomobillə kobud qayda pozmaq intihar kimi bir şeydir:
"Əlavə etdiyim videoya diqqətlə baxın. Qəzaya düşən minik avtomobilinin sürücüsü ötmə qaydalarını kobudcasına pozur. Aşkar qəza şəraitini dərk edəndə sərt tormoz verir. Amma 2 səbəbdən belə faciəvi qəza olur: avtomobildə əyləc sisteminin normal olmaması və sürücünün qeyri-peşəkarlığı.
Görünür ki, avtomobildə ABC tormoz sistemi yoxdur (markadan da aydındır), ona görə də sərt tormozlanmada sürüşmə baş verir, hərəkət istiqaməti dəyişir, özü də bəxtsizlikdən qarşıdan gələn avtomobilin yoluna tərəf dəyişir”.
Ekspert bildirib ki, əslində bu cür qəzalardan qurtula bilmək hər sürücünün işi deyil. Ancaq peşəkar olan sürücü, avtomobili saz vəziyyətdədirsə, faciəni önləyə bilər:
"Sürücünün peşəkarlığı çatışmır. Əgər peşəkarlıq olsaydı, tam bloklanma ilə sərt tormoz əvəzinə ani olaraq tormozu buraxıb sükanla azacıq sağa döndərməklə qarşıdan gələnlə toqquşmadan yayınmaq mümkün olardı.
Düzdür, belə ciddi qəza şəraitindən çıxmaq olduqca çətindir və hər sürücüyə qismət olmur. Amma belə avtomobillə və belə peşəkarlıqla bu dərəcədə kobud qayda pozmaq intihar kimi bir şeydir”.