"Bornmut”- "Liverpul” oyunu ilə İngiltərə Premyer Liqasının 16-cı turuna start verilib.
Matçın əvvəlindən üstünlüyü ələ alan qonaqlar 25-ci dəqiqədə hesabı açıblar. Misirli Məhəmməd Salah adını tabloya yazdırıb - 0:1. Görüşün ilk hissəsi bu hesabla başa çatıb.
Fasilədən dərhal sonra "Liverpul” hesab arasındaki fərqi artırıb. Müdafiəçilərin səhvindən istifadə edən Məhəmməd Salah dublunu rəsmiləşdirib – 0:2.
Qarşılaşmanın 68-ci dəqiqəsində Endri Robertsonun cinah ötürməsindən sonra top "Bournemouth”un müdafiəçisi Stiv Kuka toxunaraq istiqamətini dəyişdiyindən qapıçı üçün əlçatmaz olub – 0:3.
Lakin bu da oyunda sonuncu qol olmayıb. Matçın 77-ci dəqiqəsində Məhəmməd Salah özünün üçüncü, komandasının isə dördüncü qolunu ev sahiblərinin qapısından keçirib. Misirli hücumçu bu oyunda het-trik etməklə cari mövsümdə vurduğu qolların sayını 10-a çatdırıb.
Beləliklə, səfərdə 4:0 hesablı qələbə qazanan "Liverpul” xallarının sayını 42-yə çatdırıb. Premyer Liqanın hazırkı lideri, aktivində 41 xal olan "Mançester Siti” bu axşam səfərdə "Çelsi”yə məğlub olarsa "Liverpul” turnir cədvəlində ilk sıraya yüksələcək.