Ölkədə ilk dəfə olaraq istixananın qızdırılmasında termal sulardan istifadə olundu...
Hazırda ölkə ərazisindəki bir sıra ərazilərdə termal sular mövcuddur. Onlardan ən çoxu Kür-Araz düzənliyinin payına düşür. Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Sadiq Əmiraslanovun sözlərinə görə, həmin sular 35 dərəcə selsidən 95 dərəcəyədək istiliyiə malikdir.
Sadiq Əmiraslanov bildirib ki, bir neçə ildir ki, ölkədə termal sulardan sənayedə - yod, brom və digər elementlərin alınmasında istifadə olunur. Bu il isə ilk dəfə olaraq Kürdəmirdə yerləşən istixananın qızdırılmasında da istifadə edilib.
Termal sulardan istifadə digər enerji növləri ilə müqayisədə çox ucuz başa gəlir. Çünki, bu sular təzyiqli olduğu üçün onun istifadəsi zamanı əlavə enerjidən istifadə edilmir. Sadiq Əmiraslanov qeyd edib ki, ölkə ərazisindəki termal sulardan istixana və bu cür obyektlərin qızdırılması ilə yanaşı, yaşayış binalarının isidilməsində də istifadə edilə bilər.