Rusiya gəmiləri Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumatda bildirilib. Atəş nəticəsində "berdyansk” kiçik zirehli artilleriya kateri zədələnib. Kater hərəkətdən qalıb, yaralılar var.
Ukrayna Müdafiə Nazirliyinə istinadla İnfoResist saytı isə Rusiyanın Ukraynaya məxsus hər 3 gəmini artıq ələ keçirdiyini yazıb.
"İki zirehli - "Berdyansk" və "Nikopol" kateri, həmçinin "Yana Kapu" yedək gəmisi Rusiya ordusu tərəfindən ələ keçirilib. Rusiyalılar bu gəmiləri yedəyə alıb aparırlar", - məlumatda bildirilir.
Ukrayna gəmilərinin cavab atəş açıb-açmadığı bilinməsə də, bir yaralı olduğu qeyd edilib. Ukrayna hərbçiləri gəmilərdədirlər.
İnsidentin Ukrayna gəmilərinin tapşırığı yerinə yetirib, geri qayıdan zaman baş verdiyi vurğulanır.
Qeyd edək ki, bundan öncə Rusiya məlumat yayaraq, Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəminin Rusiya sərhədlərini pozaraq, Kerç boğazı istiqamətində irəlilədiyini bildirmişdi.
FTX-nin Krım üzrə sərhəd xidməti bildirmişdi ki, Ukrayna gəmiləri BMT-nin Dəniz hüququna dair Konvensiyasının 2 maddəsini pozub. Ukrayna gəmiləri Rusiya tərəfinin heç bir tələbinə məhəl qoymayıb.
Ukrayna tərəfi isə hadisə ilə bağlı Rusiyanı təxribat törətməkdə ittiham edib. Rusiya gəmilərinin Ukrayna gəmilərinə qarşı təcavüzkar davranışları tənqid edilib.
"Rusiyanın sərhədçi "Sobol”, "Don”, "Manqust” və "Suzdaleç” gəmiləri açq təxribatlara yol veriblər. "Don” sərhədçi gəmisi bizim reyd gəmimizə qarşı taran edib və nəticədə gəminin əsas mühərriki sıradan çıxıb”, - rəsmi Kiyevin yaydığı bəyanatda bildirilib.
Bunun ardınca Ukrayna Hərbi Dəniz Qüvvələrinin gəmilərinin təcili olaraq insidentin baş verdiyi Kerç boğazı istiqamətinə göndərildiyi bildirilmişdi.
Rusiya günorta saatlarında Krım yarımadasını materiklə birləşdirən körpünü bağlamışdı və Kerç körfəzinə qırıcılar göndərmişdi. (axar.az)
***
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Komandanlığı 3 gəminin Rusiya tərəfindən zəbt edildiyini təsdiqləyib.
"Berdyansk" və "Nikopol" kiçik zirehli artilleriya katerləri düşmənin atəşi nəticəsində hərəkətdən qalıb, "Yanı Kapu" da dayanmağa məcbur olub. Hər 3 gəmi Rusiya federasiyasının xüsusi təyinatlıları tərəfindən ələ keçirilib", - Komandanlığın Feysbuk səhifəsində bildirilib.
Həmçinin bildirilib ki, Ukraynanın 2 hərbçisi insident zamanı yaralanıb.
Qeyd edilib ki, olay gəmilərin Odessa limanına qayıdışı zamanı baş verib.