Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
Xezerxeber.az-ın məlumatına görə, OPEC-ə daxil olan və olmayan ölkələr, xüsusilə Rusiya və Səudiyyə Ərəbistanın hasilatı tarixi maksimuma çatdırması, İrana sanksiyaların davam etməsi, ABŞ-ın İrandan neft almaqla bağlı bir sıra ölkələrə güzəştə getməsi, iri ölkələr arasında yaşanan ticarət savaşları neftin qiymətinin sürətlə enməsinə səbəb olub.
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, qarşıdakı dövrdə neftin qiyməti ilə bağlı ciddi proqnoz vermək çətindir. Hər şey OPEC-in dekabr ayındakı toplantısından sonra məlum olacaq. Ola bilsin ki, OPEC-ə daxil olan və olmayan ölkələr hasilatın azaldılması ilə bağlı 2016-cı il sazişini yenidən tətbiq edə bilərlər.
İqtisadçının sözlərinə görə, dünya ölkələrinin iqtisadiyyatının neftdən asılılığı nəzərə alınsa, dekabr toplantısında hasilatın azaldılması ilə bağlı müsbət meylərin olacağını gözləmək olar. Çünki neftin ucuz olması böyük dövlətlərə də sərf etmir.
Rəşad Həsənov deyir ki, ötən həftə Səudiyyə Ərəbistanın energetika nazirinin neft hasilatının azaldılmasına eyham vurması müsbət qərarın olacağına ümidləri artırır. Amma toplantıdan fərqli qərarın çıxması da istisna deyil. Əgər hasilatın azaldılması ilə bağlı qərar qəbul edilsə, bir barrel neftin qiyməti 70 dollar civarında dəyişəcək.
Qeyd edək ki, Azərbaycanın büdcə layihəsində neftin qiyməti 60 dollardan götürülüb. Yəni neft qiymətinin 70 dollar civarında dəyişməsi ölkəmiz üçün sərfəlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: