Abşeronda ödəmə terminalını oğurlayan dəstə saxlanılıb.
Xezerxeber.az-ın məlumatına görə, Abşeronun Xırdalan şəhər sakini İlqar İbadov Quşçuluq massivində yerləşən marketindən oğurluq edilməsi barədə Rayon Polis İdarəsinə məlumat verib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslərin həmin ərazidə yaşayan 26 yaşlı Toğrul Pənahov, Göyçay sakini 44 yaşlı Qalib Abdullayev və Cəlilabad sakini 42 yaşlı Vüqar Əliyev olduğu müəyyənləşib. Onların hər üçü tutularaq istintaqa cəlb edilib.
Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri qabaqcadan əlbir olaraq mağazaya daxil olublar. Onlar oradan 180 manat pul və 500 manat dəyərində müxtəlif növ siqaret oğurlayıblar. Həmçinin, həmin mağazada olan ödəniş terminalını da götürərək ərazidən uzaqlaşıblar. Ödəniş terminalı avtomobillə evə aparılaraq yarılıb və içərisindəki pul dəstə üzvləri arasında bölünüb. Sonra isə terminalı Novxanı qəsəbəsinə apararaq izi itirmək məqsədi ilə suya atıblar.
Saxlanılan şəxslər iki gün sonra yenidən həmin ərazidə başqa bir mağazadan oğurluq etmək istəyiblər. Lakin onların bu əməli baş tutmayıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: