Azərbaycan beynəlxalq nəqliyyat və tranzit mərkəzinə çevrilməkdədir. Rəsmi Bakı Türkmənistanla bu istiqamətdə olan əlaqələrini daha da genişləndirir. Prezident İlham Əliyevin Türkmənistana səfərini şərh edən İqtisadiyyat Naziri Şahin Mustafayev bildirib ki, dövlət başçısının rəsmi səfəri çərçivəsində iki ölkə arasında 21 sənəd imzalanıb ki, onlardan 9 məhz nəqliyyat,yükdaşıma və tranzit sektoruna aiddir.
Nazir vurğulayıb ki, imzalanan sənədlər arasında önəmli yerlərdən birini iki ölkə arasında nəqliyyat,logistika, tranzit sahəsində birgə komissiyanın yaradılmasın haqqında olan saziş tutur.
Diqqət çəkən razılaşmalardan biri də iki ölkə arasında yük daşıyıcıları üçün viza rejiminin sadələşdirilməsi ilə bağlıdır.
Şahin Mustafayev əldə edən razılaşmalarda gələcəkdə Türkmənistanla yükdaşımaların həcminin dəfələrlə artacağına əminlik ifadə edib. Xüsusilə daşınan qeyri neft yüklərinin həcminin artırılması hədəflənir.
Nazir həmçinin əlavə edib ki, coğrafi mövqe, təhlükəsizliyin təmin edilməsi, iqtisadi inkişaf, eləcə də nəqliyyat infrastrukturunun ildən-ilə inkişafı Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub və digər beynəlxalq nəqliyyat dəhlizlərinin önəmli tərkib hissələrindən birinə çevrilməsini təmin edir. Azərbaycanın ərazisi ilə daşınan qeyri-neft məhsullarının həcmi də ildən-ilə artır. Belə ki, bu ilin 9 ayı ərzində Azərbaycan ərazisi ilə tranzit yükdaşımaların həcmi 23 faiz artıb. "Şimal-cənub" nəqliyyat dəhlizi üzrə yükdaşımalar isə 100 dəfə çoxalıb.
Şahin Mustafayev bildirib ki, Azərbaycanın nəqliyyat dəhlizlərində vacib fiqura çevrilməsi digər ölkələrin də marağına səbəb olub. Belə ki, Çin Trans-Xəzər Nəqliyyat Dəhlizinə meyl göstərir. Bu ölkənin nümayəndə heyəti dəhlizdən istifadə ilə bağlı Azərbaycana səfər edəcək. Nazir bildirib ki, indiyə qədər Trans-Xəzər Nəqliyyat Dəhlizinin Çinin 2 şəhərində, eləcə də Türkmənistan və Gürcüstanda təqdimatı olub. Növbəti təqdimat isə gələn il Hindistanda olacaq.