İsmayıllıda brakonyerlər adı "qırmızı kitab"a daxil edilmiş qonur ayını ovlayıblar. Hadisə Şahdağ Milli Parkının ərazisində baş verib. Brakonyerlərin müəyyən edilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilib və araşdırma aparılır.
Şahdağ Milli Parkında adı "Qırmızı Kitab"a daxil edilmiş qonur ayı ovlandı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, 4 gün əvvəl Milli Parkın İsmayıllı bölməsinin Basqal meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib. Dolayın mühafizə yegeri həmin istiqamətə yaxınlaşarkən altı nəfər tərəfindən qonur ayının ovlandığını müşahidə edib. Xidməti vəzifəsini yerinə yetirən mühafizə yegeri brakonyerləri saxlamağa çalışsa da, onlar qanuni tələblərə məhəl qoymayaraq ərazidən uzaqlaşıblar. Bu zaman yeger tərəfindən naməlum şəxslərin videogörüntüləri çəkilib. Brakonyerlərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları üçün İsmayıllı rayon Polis Şöbəsinə müraciət edilib.
Həmin şəxslərin təbiətə vurduğu ziyandan asılı olaraq, inzibati və mülki məsuliyyətlə yanaşı cinayət məsuliyyətinə də cəlb ediləcəyi gözlənilir.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.