Xəzər Xəbər

Almaniyada erməni mafiyasının üzvləri həbs edildi VİDEO

Veb TV | 16:37 • 23 Noyabr 2018
Almaniyada erməni mafiyasının üzvləri həbs edildi

Almaniyanın Türingiya federal torpağının Cinayət Polisi İdarəsinin müstəntiqləri aylardır apardıqları istintaq nəticəsində erməni mafiyasının izinə düşüb və narkotik ticarətilə məşğul olan cinayətkar qruplaşmanın üzvü olmaqda şübhəli bilinən iki ermənini həbs edilib.

Almaniyanın "MDR Thüringen" radio agentliyi xəbər verir ki, alman polisi adları çəkilməyən 31 və 26 yaşlarında iki şübhəlini saxlayıb. Polis əməkdaşlarının apardığı reydlər zamanı onlardan 35 kiloqram marixuana aşkarlanıb. Qeyd olunur ki, həbs edilən ermənilər 10 il əvvəl yaradılan və reketlik, qarət və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan "Coker" qruplaşmasının liderlərindən birinin davamçıları hesab olunurlar. Daha sonra "Coker" qruplaşması dağılsa da, bu iki cinayətkar fəaliyyətlərini davam etdiriblər. Onlar 2014-cü ilin iyulunda Erfurt şəhərində erməni klanları arasındakı silahlı atışmanın iştirakçısı olublar. Müşahidə kameralarının video yazılarında bu cinayətkarların insident ərazisində olduqları açıq şəkildə görünür. Onlardan biri həmçinin, 2016-cı ilin iyununda Erfurtdakı gecə klubunda erməni və moldovalı klanlar arasındakı qarşıdurma videolarında da görünüb.

"MDR Thüringen" bildirir ki, alman müstəntiqləri uzun müddət erməni mafiyasının narkotik ticarəti ilə əlaqəsini üzə çıxarmağa cəhd ediblər, lakin onların kifayət qədər dəlilləri olmayıb. İndi isə onların əlində müəyyən ipucları var. Bu mənada, erməni mafiyasının 2 üzvünü həbs edən müstəntiqlərdən biri bildirib ki, bu cür həbslər mafia qruplaşmalarında, xüsusən də mafiya bosslarında ciddi narahatlığa səbəb olub. Çünki onlar növbəti istintaqdan və müvafiq olaraq, başlarına gələcək bəladan qorxmalıdırlar.

Xatırladaq ki, bundan əvvəl Almaniyanın nüfuzlu "Der Spiegel" jurnalı araşdırma apararaq erməni mafiyasının cinayətlərindən bəhs edən böyük məqalə hazırlamışdı. Araşdırmalarda Almaniyanın Federal Cinayət Polisinin erməni mafiyasına qarşı mübarizə ilə bağlı məxfi məruzəsinə istinad edilib. Aydın olub ki, Federal Cinayət Polisi 6 əyalətin müvafiq ixtisaslaşmış qurumları ilə birgə 4 il ərzində erməni mafiyasına qarşı məxfi əməliyyatlar keçirib. Federal Cinayət Polisinin məxfi məruzəsində qeyd olunub ki, küllü miqdarda maliyyə resurslarına sahib erməni mafiyası Almaniyadakı hüquqi dövlətin əsaslarını təhdid edir.

Araşdırma nəticəsində hətta məlum olub ki, erməni mafiya şəbəkəsinin əlaqələri diplomatik dairələrədək gedib çatır. Bu səbəbdən də, Ermənistanın Almaniyadakı hazırkı səfiri vaxtilə beynəlxalq qaçaqmalçılıq fəaliyyətilə məşğul olmaqda şübhəli bilinən Aşot Smbatyan erməni mafiyasına qarşı mübarizədə rəsmi Berlinə öz köməyini təklif etsə də, Federal Cinayət Polisi bu əməkdaşlıqdan imtina edilməsini məsləhət görüb. Çünki Almaniya polisi istisna etməyib ki, erməni mafiyası Ermənistanın dövlət strukturları və onların nümayəndələri ilə əlaqələrə malikdir.

Istintaqda adı hallanan şəxslərdən biri də Bundestaqın deputatı və erməni lobbist təşkilatı olan Almaniya-Ermənistan Forumunun təsisçisi Albert Vaylerdir. Qeyd edək ki Albert Vayler Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə Azərbaycanın Xarici Işlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına daxil edilib.

 

Xəbər lenti

Çox oxunanlar