Ölkədə zəfərançılıq inkişaf etdiriləcək.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin Baş mütəxəssisi Pərviz Əliyevin sözlərinə görə, ötən il 130 kiloqrama yaxın zəfəran idxal edilib. Bu məhsullar da əsasən Almaniya və İrandan gətirilir. Ölkənin iqlim şəraiti zəfəran yetişdirilməsi üçün əlverişlidir. Əvvəllər Abşeron yarımadası ilə yanaşı Gəncə və Şəkidə də bu məhsul iri təsərrüfatlarda yetişdirilib. Hazırda isə baha başa gələn və əziyyətli fəaliyyət növü olduğu üçün sahibkarlar bu sahəyə maraq göstərmirlər.
Pərviz Əliyev deyir ki, zəfəranın 1 kiloqramı 1000-1500 dollar arasında dəyişir. Xarici bazarda da ciddi tələbat var. Hazırda dünya üzrə zəfəran ixracının 80-90 faizini İran həyata keçirir. Sözügedən ölkənin yetişdirdiyi məhsul çox da keyfiyyətlideyil. Azərbaycanda yüksək keyfiyyətli zəfəran yetişdirməklə xarici bazarda önəmli yer tutumaq olar. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət proqramı hazırlanıb. Proqram çərçivəsində fermerlərə məhsulun yetişdirilməsi və satışı üçün dəstək göstərilməsi nəzərdə tutulub.
Proqram hazırda ilkin müzakirə mərhələsindədir. Tam hazır olduqdan sonra isə hökumətə təqdim ediləcək.