Bərdə rayonunun Mehdili kənd sakinləri uzun illərdir ki, heyvandarlıqla məşğuldurlar. Kənd sakinlərinin böyük bir hissəsi ətlik üçün iribuynuzlu kökəltmə heyvanlar saxlayırlar. Ancaq bir müddətdir ki, bu sahədə durğunluq yaşanır. Sakinlər yemlik məhsulların qiymətinin artdığını, bunun isə onlara sərf etmədiyini deyirlər.
Bu kəndin sakinləri kökəltmə işi ilə məşğuldurlar.
Bərdə rayonunun Mehdili kəndində bu ənənə müstəqillik qazandıqdan sonra formalaşıb. Əvvəllər köçəri həyat yaşayan əhali 25 ildən çoxdur ki,damazlıq və südlükdən daha gəlirli sayılan kökəltmə işi ilə pul qazanır. Lakin 2 ildir heyvandarlar bu sahədə problemlə üzləşirlər.
Təsərrüfat sahibləri deyirlər ki, bir heyvanı kökəltməyə 4-8 ay vaxt sərf olunur. Qidalanma vaxtında və düzgün aparıldıqda təsərrüfat sahibi 1000 manata aldığıheyvanı 1500-1700 manata sata bilir.
Sakinlər əvvəllər heyvan kökəltmədən yaxşı gəlir əldə etdiklərini deyirlər. Ancaq onların sözlərinə görə, son illərdə bu iş o qədər də yüksək gəlir gətirmir. Çünki yemlik məhsulların bahalaşdığı halda, ətin qiyməti olduğu kimi qalır.
Qeyd edək ki, maldarlığın kökəltmə sahəsi xüsusi ətlik heyvan bazarının təmin olunmasında önəmli rol oynayır. Heyvandarların çətin vəziyyəti uzun müddət davam etsə, bu, daxili bazarın ətlik heyvanlarla təminatında problemlərə səbəb ola bilər.