Hər gün yüzlərlə insan bu bazardan ət alır. Ancaq onların çoxu səhər saat 5 radələrində bu ətlərin satış yerinə necə daşınaraq gətirildiyindən xəbərsizdir. Xəzər xəbər 8-ci kilometr bazarında gigiyena qaydalarına əməl etmədənətlərin satış yerinə gətirilməsini lentə alıb. Məsələyə qida təhlükəsizliyi agentliyi də münasibət bildirib.
Minik avtomobilləri ət kəsim yerinə yaxınlaşır və ətlər açıq halda avtomobildən birbaşa arabalara yüklənərək satış məntəqələrinə aparılır.
Görüntülər səhər saat 5 radələrində 8-ci km bazarındakı ət satış yerinin yaxınlığındakı ərazidəndir.
Bazara xüsusi şəraitdə gətirilməli olan ətlər antisanitar vəziyyətdə daşınır.
Bu minik avtomobili ilə açıq şəkildə ət gətirən şəxsə yaxınlaşdıqda isə sualımızı cavabsız qoyub ərazidən uzaqlaşır.
Ət satış yerlərindən hər gün yüzlərlə vətəndaşın ət aldığını nəzərə alsaq, nə qədər insanın sağlamlıq problemi ilə qarşılaşa biləcəyi qaçılmazdır.
Məsələ ilə bağlı qida eksperti İsa Əliyev bildirir ki, ətlərin bazara bu cür gətirilməsi yolverilməzdir. Onun sözlərinə görə ətin satış yerinə gətirilməsi zamanı o mütləq şəffaf örtüklə paketlənməlidir.
Mütəxəssis bildirir ki,əgər ət təmiz olmayan vasitə ilə və açıq şəkildə daşınarsa bu insanların sağlamlığına bir sıra problemlər yarada bilər.
Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev Xəzər Xəbərə bildirib ki, qurumun yerlərdəki, eləcə də adı çəkilən bazardakı əməkdaşları öncə ora daxil olan ətin mənşə sənədlərini yoxlayırlar. Sənədlər qaydasında olandan sonra isə bazara daxil olan bütün ətlərdən nümunə götürülərək analiz edilir. Analizin cavabında problem olmazsa bundan sonra ətin satışına icazə verilir.
8-ci kilometr bazarından məsələyə münasibət öyrənmək istəsək də, bazar rəhbərliyinin otaqlarının qapısı bağlı idi.