Bu gün Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında ikinci Çay, çəltik və sitrus festivalı keçirilib.
Xezerxeber.az-ın məlumatına görə, festivalda dövlət və hökumət, həmçinin xarici ölkələrin respublikamızdakı səfirliklərinin nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm adamları, mədəniyyət xadimləri, şəhər sakinləri, yerli və xarici turistlər iştirak edirlər.
Azərbaycanın dövlət atributlarını və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədilən parkdakı örtülü pavilyonlarda və vitrinlərdə Lənkəranda istehsal olunan çay, çəltik, sitrus, digər növ ərzaq və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdirilib. Pavilyonlarda festival iştirakçıları üçün təbii çay və müxtəlif şirniyyatlardan, çərəzlərdən ibarət çay dəsgahı təşkil olunub.
Bundan başqa, festival iştirakçılarına rayonun ən bacarıqlı və təcrübəli aşpazlarının yüksək keyfiyyətli yerli düyülərindən bişirdikləri 50 növdən çox plov, eyni zamanda, Lənkəran mətbəxinin məşhur ləvəngisindən hazırlanmış xörəklər və müxtəlif kabablar təqdim edilib.
Festival konsert proqramı ilə davam edib.