"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərənin "Arsenal" klubunun futbolçusu Denni Uelbek ağır zədə alıb.
27 yaşlı forvard Avroliqanın qrup mərhələsinin IV turunda Londonda "Sportinq"lə keçirilən matçın (0:0) 25-ci dəqiqəsində zədələnib. Rəqibin cərimə meydançasında hava mübarizəsindən sonra yerə uğursuz düşən ingiltərəli oyunçu görüşü davam etdirə bilməyib. O, oksigen maskası ilə meydanı tərk edib və xəstəxanaya aparılıb.
Görüşdən sonra komandanın baş məşqçisi Unay Emeri Uelbekin ayaq biləyində qırıq aşkarlandığını bildirib.
Qeyd edək ki, "Arsenal" - "Sportinq" matçı qolsuz bərabərliklə başa çatıb.
Fanat.Az