Azərbaycan Dəmir Yolları tarixi bir uğura imza atıb. Belə ki, ilk dəfə Azərbaycana məxsus yük vaqonu Türkiyənin Sivas şəhərinə qədər birbaşa hərəkət edib. Artıq bu istiqamətə və əksinə Azərbaycan Dəmir Yolları yük daşımalarını həyata keçirmək iqtidarındadır.
Azərbaycanın yük qatarları artıq Türkiyənin Sivas stansiyasına qədər yük aparmaq və ordan yük götürərək geri qayıtmaq iqtidarındadır. Bu, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndə heyətinin Türkiyəyə səfəri və aparılan test gedişi nəticəsində müəyyən olunub.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Vaqon Xidmətinin rəisi Bəşir Əsədov Xəzər Xəbər-ə açıqlamasında deyib ki, bu hadisə ölkənin dəmiryol tarixində bir ilkdir.
Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin xidmət rəisi onu da bildirdi ki, indiyə qədər vaqonların Türkiyə ərazisinə keçməməsinə səbəb Azərbaycan və Türkiyə dəmir yollarının fərqli izli yollara sahib olması olub. Qatarlar Axalkələki stansiyasında arabaçılar tərəfindən təkərləri dəyişdirildikdən sonra Türkiyə ərazisinə daxil olurdular. Azərbaycan qatarlarının vaqonlarının həcmi böyük olduğundan Türkiyə tunellərindən keçib-keçməyəcəyi öncədən məlum deyildi. Ancaq bu test gedişi ilə onların Türkiyə yollarında rahat gedə bildiyi artıq dəqiqləşdi.
Bəşir Əsədov bildirir ki, gələcəkdə Azərbaycan yük qatarlarının Sivasdan daha 3 böyük şəhərə - Kayseri, Malatya və Samsun şəhərlərinə də test gedişi olacaq. Heç bir problem yaşanmasa, gələcəkdə bu istiqamətlərdə də yüklərin daşınması asanlıqla həyata keçirilə biləcək. Bu isə Azərbaycana daha çox valyuta axının təmin edilməsi deməkdir..