Salyan polisi dələduzluq edən şəxsi saxlayıb. O, vətəndaşları məşhəd və kərbəla ziyarətinə aparmaq adı ilə aldadaraq pullarını alıb.
Vətəndaşları Məşhəd və Kərbəla ziyarətinə aparmaq adı ilə aldadan şəxs saxlanılıb.
Əməliyyatı Salyan polisi keçirib. Rayonun Xalac kənd sakini Cəmil Mirzəyev Polis Şöbəsinə müraciət edərək bildirib ki, təsadüfən tanış olduğu Miramil adlı şəxs ondan iki nəfərin Məşhəd və Kərbəla ziyarətlərinə aparılması üçün 640 manat pulunu və ümumvətəndaş pasportunu alıb. Lakin vədinə əməl etməyib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində özünü Miramil kimi təqdim edən şəxsin Şirvan sakini, 32 yaşlı Amil Zeynalov olduğu müəyyənləşib.
Amil Zeynalov həmin şəxsləri aparmayıb. Özü isə qeyd olunan ziyarətdən qayıdarkən saxlanılıb və polis şöbəsinə gətirilib. İlkin istintaq zamanı o, törətdiyi əməli etiraf edib.
Faktla bağlı araşdırma aparılır.