Bəzi valideynlər istəyirlər ki, övladları məktəbi vaxtından əvvəl bitirsin. 2015-ci ildən etibarən bu, qanunvericiliyə uyğun olaraq, imtahanla həyata keçirilir. Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün isə bir sıra tələblər qoyulub. Namizəd şagirdlər bir sıra parametrlər üzrə sınağa çəkilirlər. Növbəti xəbərimizdə bu parametrlərə aydınlıq gətirilib.
Şagirdlərin ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmələri üçün müraciətlərin qəbulu davam etdirilir.
Orta məktəbi vaxtından əvvəl bitirmə ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə isə X sinif şagirdlərinə şamil olunur. Fiziki sağlamlıq və psixoloji dayanıqlılıq, qeyri-standart düşünmə, tədris materiallarını asan və şüurlu mənimsəmə, rabitəli nitq və çevik təfəkkür şagirdin hər hansı təhsil səviyyəsini vaxtından əvvəl bitirməsinə əsas verən başlıca keyfiyyətlər sayılır. Belə müraciətlər olduqda yerli təhsili idarəetmə orqanının hazırladığı təqdimatla müvafiq komissiya təşkil edilir. Komissiyanın rəyi müsbət olduğu halda məktub Təhsil Nazirliyinə göndərilir.
İmtahanda şagirdin oxuduğu sinfin dərs materiallarını tam, keçiriləcəyi sinif üzrə isə ilk yarım il ərzində tədris olunacaq materialları bilməsi vacibdir. Təhsil Nazirliyinin yekun rəyi əsasında şagirdin ikinci yarımildə məktəbə gəlməməsi və növbəti sinifdə təhsilini davam etdirməsinə razılıq verilməsi barədə məktəbin rəhbərliyi yazılı məlumatlandırılır. Məsələ məktəb direktorunun əmri ilə rəsmiləşdirilir. Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin əməkdaşı Gülarə Xudiyevanın sözlərinə görə, hazırda müraciət edənlərin sayı kütləvi hal almayıb.
Ümumi orta və tam orta təhsil səviyyələrini vaxtından əvvəl bitirən şagirdlərin VIII və X sinif üzrə illik qiymətləri isə onların birinci yarımildə aldıqları qiymətlər hesab olunur. Şagirdlər üçün təhsil aldıqları dövrdə yalnız bir dəfə bu imkan yaradılır.