Ölkəmizdə bir çox bulaqlar var ki, sularının müalicəvi olduğu deyilir və hər il minlərlə insan bu sudan faydalanmaq üçün həmin bulaqlara gedir. Belə bulaqlardan biri də Yevlaxın Tanrıqulular kəndində çıxır və onun böyrək xəstəliyinə dərman olduğu bildirilir. Elə söhbət də məhz ondan gedir ki, belə bulaqların rəsmi qeydiyyatı aparılmır. Sadəcə kənd sakinlərinin iddiası ilə onlara müalicəvi bulaq adı verilir.
"Dəmir yeyən", "İştah açan", "Daş salan" və ya "Böyrək suyu".... İnsanların müxtəlif adlar verdikləri bulaq müalicəvi xüsusiyyətləri ilə seçilir. Yarım əsrə yaxın yaşı olan müalicəvi su təxminən 400-450 metr dərinlikdən çıxır.
Yevlaxın Tanrıqulular kəndində üzə çıxan suyun Qazan dağındakı şirin bulaqdan axıb gəldiyi iddia edilir. Böyrək ağrıları olan insanların şəfa ocağı kimi tanıdığı məkana maraq böyükdür. Yerli sakinlər deyirlər ki, müxtəlif rayonlardan gələn xəstələr bulağın ətrafında bəzən uzun növbələr yaradırlar.
Sakinlər deyirlər ki, bu bulağın suyu şirəli qabda qaynadıldıqda qabı deşmək gücünə malikdir. Həmçinin müalicəvi sudan ilk dəfə qəbul edənlərdə böyrək sancıları da yaranır.
Bəs həkimlər necə, suyun müalicəvi xüsusiyətləri ilə razılaşırlarmı? Uroloq Cavid İsayev deyir ki, belə suların müalicəvi olub-olmadığı yalnız laborator analizlərin nəticələrinə görə müəyyən edilir..
Kənd sakinləri iddia edirlər ki, 1970-ci illərdə suyun kimyəvi tərkibinin öyrənilməsi üçün ondan nümunələr götürülərək Rusiyanın Yessentuki şəhərinə lobarator analizə göndərilib və nəticə uğurlu alınıb. Ancaq Xəzər Xəbər olaraq, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Turizm Agentliyi ilə əlaqə saxladıq və məlum oldu ki, Azərbaycanda heç bir qurum müalicəvi bulaqların qeydiyyatını aparmır..