Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda brilyant qaşların ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, noyabrın 3-də İstanbul-Bakı aviareysinin sərnişini, Türkiyə Respublikası vətəndaşı Ecer Bilal gömrük nəzarət zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən mütləq qaydada bəyan etməli olduğu malları əvvəlcədən gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib. Ecer Bilala məxsus əl yükü 1-ci terminalın gəliş zalında quraşdırılmış rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsvirləri əks olunduğuna görə, sərnişin saxlanılıb və onun çantası yoxlanılıb. Bu zaman qəhvəyi rəngli dəri bel çantasının alt hissəsinin astarı kəsilərək gizlədilmiş, yapışqan lentlə üzlənmiş 1ədəd kağız büküm və həmin bükümün içərisində 5 ədəd kiçik həcmli polietilen paketlər aşkar olunub. Kiçik həcmli polietilen paketlərə ayrı-ayrılıqda baxış keçirilərkən gömrük nəzarətindən gizlədilmiş, qablaşdırma ilə birlikdə ümumi çəkisi 95 qram olan 2638 ədəd brilyant qaşlar aşkar olunub.
Faktla bağlı araşdıma aparılır.