Cəlilabadda mərkəzləşdirilmiş kitabxanalar sisteminin uşaq şöbəsinin kollektivi öz balaca oxucuları üçün maraqlı bir layihə hazırlayıblar. Kollektiv dünya ədəbiyyatının nümunələrini oxucularına fərqli formada təqdim edir. İlkin olaraq dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin "Qızıl Balıq" nağılının motivləri əsasında cizgi filmi hazırlanıblar. Maraqlı görüntüləri sizə təqdim edirik.
Yaşlı nənə və babanın kiçik maketləri, həmçinin kasıb daxmanın sadə əşyaları...
Bütün bu əl işləri dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin "Qızıl balıq" nağılını canlandırmaq üçün plastilindən düzəldilib.
Sonra nağıldakı hadisələrin gedişatı üzrə ssenari yazılıb, kadr-kadr fotolar çəkilib və daha sonra montaj proqramı ilə bu cizgi filmi ərsəyə gətirilib.
Bu maraqlı layihəni Cəlilabad rayonunun Mərkəzləşdirilmiş Kitabxanalar Sisiteminin uşaq şöbəsi həyata keçirib. Şöbənin müdiri Rəna Təhməzova deyir ki, bu fikir onların ağlına kollektiv Dağıstanda təşkil edilmiş müsabiqəyə dəvət aldıqdan sonra gəlib. Dahi rus şairi Puşkinin "Qızıl balıq" nağılının motivləri əsasında ssenari hazırlayan kollektiv bütün ləvazimatları özləri təşkil edib.
Rəna Təhməzova deyir ki, tamaşaçıların daha çox rəğbətini qazanan obrazlardan biri də balaca pişik oldu. Balaca tamaşaçıların sevdikləri pişik cizgifilmini daha baxımlı edib.
On mindən çox şəkil vasitəsilə ərsəyə gələn cizgi filmi 13 dəqiqə davam edir. Əsasən tamaşaçılara saflığı və düzlüyü aşılayan film Rusiyada müsabiqəyə təqdim edildiyi üçün rus dilində səsləndirilib. Kollektiv gələcəkdə də film çəkilişlərini davam etdirməyi planlaşdırır.