Gizli yolla 14 brilyant dəst və yarım kiloqram qızıl aparan şəxslər ifşa edilib.
Həmin şəxsləri sərhəd və gömrük əməkdaşları saxlayıblar. Dövlət sərhəd xidmətindən verilən məlumata görə, Bakıdan Daşkəndə gedən bir qrup şəxsin Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük və sərhəd nəzarətindən gizlin şəkildə, külli miqdarda qiymətli daş-qaş və qızıl-zinət əşyalarının dövlət sərhədindən qanunsuz keçirmək istədiyi müəyyən edilib.
11 əcnəbi vətəndaşdan ibarət dəstənin üzvləri 240 qram çəkisi olan 14 ədəd brilyant dəstini və 4 ədəd mirvari boyunbağını "Bakı-Daşkənd" aviareysinin sərnişinləri arasında paylayıb ölkə ərazisindən çıxarmağa cəhd göstərərkən saxlanılıblar. Araşdırmaların davamı olaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri, Azərbaycan vətəndaşları - Mahir Bağırov, ElçinMəmmədov, Səfa Abdurəhmanov və Özbəkistan vətəndaşı Yeganə Orucova müəyyənləşdirilərəkhava limanında saxlanılıblar. Onların üzərinə keçirilmiş baxış zamanı əlavə olaraq 493 qram daş-qaşlı qızıl zinət əşyaları, 4 min 735 dollar, 700 min özbək somu aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sərhədçilər bundan başqa Azərbaycanın dövlət sərhədini pozaraq İrana getmək istəyən Banqladeş vətəndaşlarını da saxlayıblar. Məlumata görə, Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Banqladeş vətəndaşları - Kamran Hossain, Salım Mollah, AbdulHovlader, həmçinin niyyətləri İrandan Türkiyəyə getmək olan sərhəd pozucularına dövlət sərhədini keçməyə vasitəçilik edən Biləsuvar rayonu Əskərabad kənd sakini Rasət Hüseynov saxlanılıb.
Rasət Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək, hadisədən bir neçə gün öncə Banqladeş vətəndaşlarını yaxın qohumunun işlədiyi Biləsuvar rayonu ərazisindəki otellərin birində yerləşdirərək müəyyən məbləğ müqabilində əcnəbi vətəndaşları qeyri-qanuni yolla İran ərazisinə keçirməyə cəhd göstərdiyini qeyd edib. Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.