Bu gün Bakıda əsən güclü külək 30-a yaxın ağacı aşırıb. Hövsan qəsəbəsində bir ağacın iri budağı yoldan keçən 3 qadının üzərinə düşüb. Mehdiabad qəsəbəsində isə binaların damları uçub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı açıqlama yayıb.
Əsən güclü külək hündür və gövdəli ağaclardan birinin budağını qırıb.
Qırılan budaq 3 qadının üzərinə düşüb. Əraziyə xeyli insan toplaşıb və ağacın altında qalan qadınlar çıxarılaraq təcili yardım avtomobilinə aparılıb.
Görüntülər bu gün səhər saatlarında Hövsan qəsəbəsində çəkilib. Hadisə qəsəbənin mərkəzi küçəsi hesab edilən Elman Qasımov, 17 a ünvanında yerləşən yaşayış binasının qarşısında baş verib.
Hadisə nəticəsində xəsarət alan 31 yaşlı Aygün Əlizadə, 37 yaşlı Xuraman Muradova və 34 yaşlı Aynurə Babayeva 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Aygün Əlizadə və Xuraman Muradova ambulator müalicədən sonra evə buraxılıb. Aynur Babayevanın isə onurğa sümüyündə qırığ aşkarlanıb. Onun xəsarətləri ağır olduğundan Respublika Diaqnostika mərkəzinə yerləşdirilib.
Külək abşeron rayonu Mehdiabad qəsəbəsində də fəsadlar törədib. Məcburi köçkünlər üçün inşa edilən ''gənclər Şəhərciyində'' 4 binadan birinin dam örtüyü tamamilə, digərlərinin isə qismən qopub. 1 bina sakini xəsarət alıb. Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindəb bildirilib ki, aidiyyatı şöbələr və departamentlərin rəhbərləri əraziyə gediblər. Hazırda hadisə yerinə cəlb edilmiş təmir-tikinti briqadaları dam örtüklərinin qopmuş konstruksiyaların şəhərciyin ərazisindən təmizlənməsi və binaların damındakı vəziyyətin araşdırılması ilə məşğuldur. Komitənin məsul əməkdaşları şəhərciyə və məcburi köçkünlərə dəymiş ziyanı müəyyənləşdirirlər.
Paytaxtın nəsimi rayonu ərazisində də 16 mərtəbəli binalardan birinin dam örtüyü qismən uçub. Hadisə zamanı xəsarət alan olmasa da 1 avtomobilə ziyan dəyib.
Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovun sözlərinə görə, külək nəticəsində ümumilikdə bakıda 30-a yaxın ağac budaqlarının sınması və aşması faktı qeydə alınıb. Aşan ağacların bəziləri avtomobillərə də ziyan vurub.
Bu arada əsən güclü külək nəticəsində Bakıda müşahidə olunan tozlu havanın da səbəbi açıqlanıb.
Sabahdan etibarən isə Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enəcək. Rayonlarda da hava şəraiti kəskin dəyişəcək.