Bu gün günorta saatlarında paytaxtın babək prospektində piyadanın ölümü ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib. Yolu keçmək istəyən piyadanı sürətlə gələn yük avtomobili vurub.
Hadisə yerinə təcili tibbi yardım çağrılsa da, piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Ağdamda da avtomobil piyadanı vuraraq öldürüb. Hadisə rayonun quzanlı qəsəbəsi ərazisində qeydə alınıb. Eyvazlı kənd sakini Babək Köçərli idarə etdiyiavtomobillə yolu keçən Çullu kənd sakini Zülfü Əsədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.
Bu arada oktyabrın 1-də Bakının Xəzər rayonu, Binə qəsəbəsindəki dəmir yolu xəttində qatarla sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanlardan daha 1 nəfəri dünyasını dəyişib.
Bu barədə 3 saylı şəhər kliniki xəstəxanasından məlumat verilib. Bildirilib ki, hadisə nəticəsində xəsarət alan Məmməd Əzimovun müalicəsi nəticə verməyib və o dünyasını dəyişib. Xəstə qapalı-kəllə beyin travması və bədənin müxtəlif dərəcəli xəsarətləri ilə xəstəxanaya gətirilərək əməliyyat olunmuşdu və dalağı çıxarılmışdı. O,həmin vaxtdan reanimasiya şöbəsində saxlanılırdı. Bir neçə gün öncə xəstənin vəziyyəti pisləşdiyi üçün o başqa xəstəxanayaköçürülsə də, həyatını xilas etmək mümkün olmayıb.