Xarici işlər naziri Elmar Məmmədyarov fransalı mer və bələdiyyə sədrlərinin Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı rəsmi Parisə verilən notadan danışıb. Nazir məsələnin Azərbaycan ictimaiyyətində doğurduğu reaksiyanın Fransa tərəfinə çatdırıldığını və bununla bağlı tədbirlərin davam etdiriləcəyini bildirib. Məsələni şərh edən siyasi ekspertlər isə hesab edirlər ki, Fransa Xarici İşlər Nazirliyi tərəfindən qondarma rejimin tanınmaması barəsində verilən açıqlama qənaətbəxş xarakter daşımır.
Rəsmi Paris bələdiyyə sədrlərinin işğal olunmuş ərazilərimizə qanunsuz səfəri ilə bağlı tədbir görməlidir.
Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın şəhər meri və bələdiyyə üzvlərinin Dağlıq Qarabağa qanunsuz səfər etmələrinə münasibət bildirərkən belə deyib. Nazir vurğulayıb ki, Fransa Xarici İşlər Nazirliyi qondarma Dağlıq Qarabağ Respublikasını dövlət kimi tanımadıqlarına dair bəyanat verib. O bildirib ki, VI Bakı Humanitar Forumu zamanı Fransanın ölkəmizdəki səfiri Orelia Buşez ilə görüşüb.
Elmar Məmmədyarov qeyd edib ki, Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri ilə daxili işlər naziri tərəfindən bu ilin may ayında yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimat Fransa tərəfindən tanınmamış ərazilərin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamağı, səfərlər həyata keçirməyi və birgə tədbirlər təşkil etməyi qadağan edir.
Siyasi ekspertlər isə hesab edirlər ki, Fransa yerli özünüidarəetmə orqanlarının bu kimi təxribatçı əməlləri Fransa və Azərbaycan arasında imzalanmış sazişlərin dili və ruhu ilə, eləcə də Fransanın milli qanunları ilə ziddiyyət təşkil edir. Habelə, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və erməni lobbisinin təsiri altında olan Fransa Milli Məclisinin sabiq deputatı Fransua Roşbluanın, Fransada fəaliyyət göstərən qondarma rejim ilə dırnaqarası dostluq dərnəyinin digər üzvlərinin belə səfərlərə qoşulması onların sifarişli xarakter daşıdığını açıq-aşkar şəkildə sübut edir. Millət vəkili Elman Nəsirovun sözlərinə görə, bu hadisə Fransanın vasitəçi qismində nüfuzuna ciddi xələl gətirir. Fransa barəsində etimadın ciddi şəkildə sarsılmasına xidmət edir.
Elman Nəsirov əlavə edib ki, Fransa ali rəhbərliyi Azərbaycanla ənənəvi yaxın münasibətləri, strateji maraqları, Fransa şirkətlərinin Azərbaycanda dövlət sifarişi ilə həyata keçirdikləri dəyəri 2 milyard avroya yaxın layihələri nəzərə alaraq, öz böyük maraqlarınıkiçik erməni oyunlarına güdaza verməməlidir.