82 yaşlı Tovuz sakini oğrulardan qorunmaq üçün maraqlı qurğu düzəldib. Deməli, evin qapısına toxunduqda, səs siqnalı işə düşür, işıqlar yanıb sönür. Qurğuya yaxınlaşan şəxsi isə yüngül cərəyan vurur. Həvəskar ixtiraçının həyətində vəevində beyninin məhsulu olan bir neçə belə qurğu var.
82 yaşlı Tovuz sakininin düzəltdiyi qurğular görənlərin marağına səbəb olur. Rayonun Yuxarı Öysüzlü kəndində yaşayan Aslan İsmayılov mülkünü bu qurğu ilə qoruyur.
Qarajın qapısına toxunmaya hesablanan qurğu gündüz saatlarında fərqli zəngli səslər çıxarır. Qaranlıqda isə həyətdəki lampalar yanaraq ərazini işıqlandırır. Bununla yanaşı, qapılara cərəyan da buraxır.
Aslan İsmayılov təhlükəsizlik qurğuları ilə yanaşı, müxtəlif məqsədlər üçün istifadə oluna biləcək fərqli qurğular da düzəldib. Bunlara mişar, paltar asılqanı, qardirob, manqal, qızdırıcı soba və digər avadanlıqlar daxildir.
Aslan İsmayılov bu yaşında həm də internet və sosial şəbəkə istifadəçisidir. Yeni qurğular düzəltmək üçün İnternet vasitəsilə axtarışlar aparır. O deyir ki, nə qədər ki sağlamlığı imkan verir, yeni qurğular da düzəldəcək. Hələlik əlində olan avadanlıqları təkmilləşdirməklə məşğuldur.