Xəzər Xəbər

Məmmədyarovla Boltonun Qarabağ müzakirəsi VİDEO

Veb TV | 20:55 • 24 Oktyabr 2018
Məmmədyarovla Boltonun Qarabağ müzakirəsi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın ABŞ ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirib, bir sıra sahələrdə, xüsusilə terrorizmə qarşı mübarizə çərçivəsində sıx əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Eləcə də, nazir Elmar Məmmədyarov ABŞ hökumətinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan C.Bolton ABŞ-ın Azərbaycanla münasibətlərinin strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Müşavir Con Bolton Azərbaycanın terrorizmə qarşı mübarizə çərçivəsində Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəsinin yüksək qiymətləndirildiyini qeyd edib.

Qarşı tərəfə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar haqqında məlumat verən nazir Elmar Məmmədyarov mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu bildirib. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğunu diqqətə çatdıran nazir Elmar Məmmədyarov münaqişənin həllində davamlı sülhə nail olunması üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu və bu ərazilərdən zor gücü ilə qovulan insanların öz evlərinə geri qayıtmalı olduqlarını diqqətə çatdırıb.

Söhbət zamanı Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji, nəqliyyat və tranzit layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz dəhlizi ilə bağlı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oktyabrın 24-də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycana səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

Azərbaycan Prezidenti ilə görüşündən məmnunluğunu ifadə edən Con Bolton dövlət başçısı ilə ABŞ-Azərbaycan əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri, dünya enerji bazarında Azərbaycanın rolu, terrorizmə, insan alverinə, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə, insan haqları, habelə regionda cərəyan edən siyasi və iqtisadi proseslər, region ölkələri ilə münasibətlər və digər məsələlərin müzakirə olunduğunu bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayrıldığını diqqətə çatdıran ABŞ rəsmisi qeyd edib ki, bu problemin həlli Birləşmiş Ştatlar üçün də mühüm əhəmiyyət kəsb edir. Qarşıdakı dövrdə Ermənistana səfər edəcəyini, məsələ ilə bağlı rəsmi Yerevanın da mövqeyi ilə tanış olacağını vurğulayan Con Bolton əlavə edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ bundan sonrakı dövrdə də münaqişənin həlli istiqamətində səylərini davam etdirəcək.


Xəbər lenti

Çox oxunanlar