Müğənni Səmra Rəhmli "Altın Kelebek” mükafat mərasimi çərçivəsində lentə alınan "Böyük dəyişim” adlı sənədli filmə çəkilib.
Müğənni bu barədə təəssüratlarını instaqrmada paylaşıb.
"Kameralar qarşısında özün haqqında danışmaq daha çox cəsarət tələb edir, nəinki klip çəkmək. Əsas odur ki, hər şeydə özün olasan. Özünü olduğu kimi qəbul edən adam özü ilə səmimi ola bilir və həmişə harmoniyada yaşayır. Şadam ki, mənə heç vaxt maska taxmaq lazım gəlməyib, onlar sonradan dəriyə elə yapışırlar ki, insanlar özləri öz ətrafında uydurduğu obraza və yalançı dünyaya inanmağa başlayırlar. Nəticədə onlar öz həyatını yaşamırlar. Hər şeyə rəğmən özün olmağı rəva biləcək qədər cəsarətli olun” , - deyə o qeyd edib.
Anası ilə birlikdə "Böyük dəyişim” adlı sənədli filmdə çəkilən ulduz uşaqlıq xatirələrini bölüşüb və qeyd edib ki, müğənni olmaq onun uşaqlıqdan böyük arzusudur:
"Səmra ərəb adıdır, tərcüməsi əsmər deməkdir. Adım tez-tez rast gəlinən ad deyil. Həmişə hiss edirdim ki, adım da səhnəlikdir, mən elə sənətə hazır gəlmişəm. Uşaqlıqda oğlan təbiətli olmuşam və hər zaman oğlanlarla dostluq etmişəm. Evlərin damına çıxıb oynayırdım. Hətta bir dəfə damdan yıxılmışam. Amma heç nə olmamış kimi ayağa qalxdım
Məktəbdə də hamıdan fərqlənirdim, həmişə qısa yubkalar geyinirdim. Çünki anam icazə verirdi. Kimsə etirazını bildirəndə "Stop, anam bilir” deyə cavab verirdim. Ümumiyyətlə anamla çox yaxın rəfiqəyik. Bütün sirlərini ona danışıram. Məktəbdə oxuyanda bir sirrim var idi, bunu anama danışmaq istəyirdim. Danışdım və o, çox yaxşı münasibət göstərdi. Bundan sonra başa düşdüm ki, bütün sirlərimi onunla bölüşə bilərəm. İşimdə də anamdan başqa kim mənə ən yaxşısını arzulayar?”.
Gənc ifaçı verilişdə atasını xatırlamaq istəmədiyini deyib: "İnsanlar deyə bilər ki, atasız olubsan, ona görə danışmırsan. Mən anamın qızıyam. Təki hamının atası mənim anam kimi olsun”.