Bir neçə gündür Odlar Yurdu Universitetinə dikdabanla girişə qoyulan qadağa sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Qadağanı sosial şəbəkə istifadəçiləri birmənalı qarşılamırlar. Məsələyə universitet rəhbərliyindən münasibət açıqlanıb. Xanımlara dikdaban ayaqqabı qadağası sırf bu tip ayaqqabıların dərs prosesinə mane olması ilə bağlıdır.
Bu universitetə xanımların dikdaban ayaqqabı ilə girişi qadağandır.
Odlar Yurdu Univeristetində xanım tələbələrin dikdaban ayaqqabı ilə dərsə gəlmələrinin qadağan edilməsi son günlər geniş müzakirələrə səbəb olub. Universitetin rektoru Əhməd Vəliyev dərs prosesinin pozulmasının qarşısını almaq üçün bu addımın atıldığını deyir.
Rektorun sözlərinə görə, bu qayda univeristetdə uzun illərdir tətbiq olunur. Tələbələrlə yanaşı, müəllimlərin də işə dikdabanla gəlmələrinə icazə verilmir. Əhməd Vəliyev onu da qeyd etdi ki, bu təcrübə xarici nüfuzlu universitetlərdə də tətbiq edilir.
Univeritetdə oxuyan tələbələr də bu qadağanı normal qəbul edirlər.
Universitetdən onu da bildirdilər ki, bəzi hündürdaban ayaqqabılara icazə verilir. Ancaq bir şərtlə ki, həmin ayaqqabının altı düz olsun və səs salmasın. Bundan əlavə, xüsusi tədbirlərdə də tələbələrin geyim sərbəstliyi təmin edilir.