Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.
Sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil kanala düşüb. Hadisə zamanı sürücü ölüb, 2 nəfər isə xəsarət alıb.
Xezerxeber.az bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 186-cı kilometrliyində, magistral xəttin Kürdəmir ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 50 yaşlı Rövşən Heydərov idarə etdiyi avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən səhhətində problem yaranıb. Bu səbəbdən o, nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı su kanalına düşüb. Hadisə zamanı sürücü qəza yerində dünyasını dəyişib.
Avtomobildə olan digər sərnişinlər, Rusiya vətəndaşları - 38 yaşlı Fedina Nataliya Anatolevna və 43 yaşlı Yaşina Olqa Viktorivna müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Zaqatalada isə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Minik maşını yolla gedən Muxax kənd sakini, 65 yaşlı Abdurəhman İbiyevi vurub. Abdurəhman aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, Abdurəhman İbiyev hadisə baş verən ərazinin yaxınlığında toy məclisindən çıxıb, evə gedirmiş.
Hadisə yerindən qaçan Bakı şəhər sakini Oktay Mirzəyev polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: