Bu il pambıq yetişdirən fermerlər məhsuldarlıqdan razıdırlar. Əsas pambıqçılıq rayonlarından olan Yevlax, Saatlı, Sabirabadda sahələrdə qızğın iş gedir. Yığımda həm əl əməyindən, həm də texnikadan istifadə olunur. Biləsuvarda isə rayon şəraitinə uygun olaraq əkilən yeni sortların məhsuldarlığı sınaqdan çıxarılır.
Xezerxeber.az bildirir ki, sahələr ağ örpəyə bürünüb. Bu il "ağ qızıl" məhsuldarlığı ilə seçilir. Elə bu səbəbdən də bir tərəfdə texnikalar, digər tərəfdə isə əllə yığım gedir.
Söhbət Yevlax rayonundan gedir. Aran rayonunda bu il pambıq boldur. Sahələrdəki pambıq fermerlərin üzünü güldürür. Ötən illə müqayisədə bu il hektardan 30-35 sentiner məhsul gözlənilir.
Məhsulu itkisiz toplayan kombaynlarla gün ərzində 5 hektardan artıq sahədə yığım aparmaq mümkündür.
Yevlaxda bu il 2500 hektar sahədə pambıq becərilib.
Əsas pambıqçılıq rayonlarından olan Sabirabadda da sahələrdə qızgın iş gedir. Pambığın qiymətinin artırılması, hər hektara görə subsidiyaların və güzəştli mineral gübrələrin verilməsi bu məhsulun becərilməsinə olan marağı artırıb.
Fermərlər hər hektardan 35 sentinerdən yuxarı məhsul götürür.
Saatlıda da sahələrdə pambıq yığımında həm əl əməyindən, həm də texnikadan istifadə olunur. Fermerlər optimal müddətdə yığımı itkisiz başa çatdırmağı planlaşdırır.
Biləsuvar rayonunda da bu sahəyə maraq artıb. Rayon ərazisində daha məhsuldar pambiq sortları sınaqdan çıxarılır. "Ağ qızıl","Ba 440","Ağ qızıl flaş"sortları yetişdirilsə də, bu ildən Türkiyədən gətirilən yeni sortlar əkilib.
Bu il Biləsuvarda 12 000 hektar sahədə pambıq əkilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: