Göygöldə təmizlik idarəsinə məxsus yük maşını aşıb. Hadisə zamanı 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Bakıda isə 160 saylı marşrut avtobusu ilə minik avtomobili toqquşub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb.
Yük maşınının aşması 2 nəfərin ölümü ilə nəticələnib...
Ağır qəza Göygöldə, mərkəzi küçələrdən birində baş verib. Təmizlik İdarəsinə məxsus yük maşını idarəetmədən çıxaraq aşıb. Rayon sakini, 52 yaşlı Elman İmanov və Toğana kənd sakini, 51 yaşlı Niyazi Verdiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Məlumata görə, onlar yük maşınının yan tərəfindəki xüsusi dayanacaqda getdiklərindən qəza zamanı avtomobilin altında qalaraq əziliblər. Meyitlər xilasedicilərinin köməyi ilə maşının altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Sürücü kabinində olan rayon sakinləri - 38 yaşlı Habil İmanov və 40 yaşlı Vaqif Nəcəfov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Sürücü isə xəsarət almayıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Paytaxda isə 160 saylı maşrurt avtobusu ilə minik avtomobili toqquşub. Hadisə hava limanı yolunda baş verib. Qəza nəticəsində minik avtomobilini idarə edən 1976-cı il təvəllüdlü Mənsurə Məmmədova və onun 6 yaşlı övladı Rəşad Məmmədov, eləcə də digər bir nəfər xəsarət alıblar. Mənsurə Məmmədova vəövladı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər. Xəstəxananın həkimi Anar Abbasov xəzər xəbər-ə bildirib ki, Rəşad Məmmədov yüngül xəsarət aldığından evə buraxılıb, anası Mənsurə Məmmədovaya isə qapalı kəllə beyin travması diaqnozu qoyulub, vəziyyəti hazırda yaxşıdır. Bu hadisə ilə bağlı da araşdırma aparılır.