Toyuq üstündə qardaşlar arasında düşən dava ağır cinayətlə yekunlaşıb. Biri digərini bıçaqlayaraq anasının gözləri qarşısında qətlə yetirib. Qanlı cinayət paytaxtın Suraxanı rayonunda baş verib.
Qardaş qardaşını toyuq üstündə bıçaqlayaraq qətlə yetirib.
Ağır cinayət paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi Zeytun savxozu adlanan ərazidəki həyət evində baş verib. 19 yaşlı Ağamalı Kərimov özündən bir yaş böyük qardaşıƏdil Kərimovla yaşadıqları evdə anasının yanında mübahisə edib. Mübahisə zamanı Ağamalı Kərimov qardaşına kürək nahiyyəsindən bir bıçaq zərbəsi vurub. Çox qan itirdiyindən Ədil Kərimov elə hadisə yerindəcə ölüb.
Dərhal mərhumun anası qonşulara və polisə məlumat verib. Hadisə yerinə rayon prokurorluğunun və ərazi üzrə 30-cu polis şöbəsinin əməkdaşları gəlib. Meyit məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinə aparılıb. Araşdırma zamanı məlum olub ki, Ədil Kərimovun kürək nahiyəsindən döş qəfəsinə daxil olan kəsici alət ürəyini zədələyərək onun ölümünə səbəb olub.
Mərhumun atası Xaləddin Kərimov isə bildirdi ki, oğlanları evdə mübahisə ediblər. Amma ata iddia edir ki, kiçik oğlu qardaşını bıçaqlamayıb.
Polis əməkdaşları hadisədən sonra əməliyyat-axtarış tədbirləri ilə Ağamalı Kərimovu saxlayıblar. İlkin ifadəsində o, qardaşı ilə 3 toyuq üstündə mübahisə etdiyini və hadisənin də bu zaman olduğunu etiraf edib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi başlanıb, hadisənin dəqiq səbəbləri araşdırılır.