Türkiyədə qızıl dükanından oğurluq etməyə niyyətlənən turistin etdikləri hamını şoka salıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ölkənin Muğla bölgəsində qeydə alınıb. Muğla şəhərinə turist olaraq gələn 54 yaşlı irlandiyalı Lan Kempel vitrində düzülən zərgərlik məhsullarına baxış keçirib. Daha sonra üzüklərin arasından birini ovcunda gizlədərək oradan qaçmaq istəyib.
Çıxışa doğru gedən turistin şübhəli hərəkətləri mühafizəni və satıcının diqqətini çəkib. Mühafizəçi dərhal mağazanın qapısını bağlayıb və onun çıxmasına icazə verməyib.
54 yaşlı kişi oğurluqda ittiham olunmamaq üçün əlindəki üzüyü dərhal udub. Hadisə yerinə gələn polis əməkdaşları Lan Kempbeli xəstəxanaya aparıb. Xəstəxanada onun mədəsində 40 min funt sterilinq dəyərində olan 2,5 karat brilliant üzük təsbit edilərək çıxarılıb.
Daha maraqlısı isə odur ki, irlandiyalı turist mədəsindən çıxarılan üzüyün ona aid olduğunu iddia edərək üzüyün ona qaytarılmasını tələb edib.