Havalar soyuyandan sonra qripə yoluxan insanların sayı artıb.
Xezerxeber.az-ın məlumatına görə, ən çox da immuniteti zəif olan uşaqlar arasında bu virus sürətlə yayılmağa başlayıb.
Odur ki, məktəblərdə qrip əleyhinə monitorinqlər aparılacaq.
Payız-qış mövsümü ilə əlaqədar qrip və kəskin respirator xəstəliklərin profilaktikası məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb. Əmrə əsasən ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılması nəzərdə tutulub.
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib ki, profilaktik tədbirlər çərçivəsində qripə yoluxması ehtimal olunan xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, eləcə də tibb personalının fərdi qoruyucu vasitələrdən istifadə edilməsi tapşırılıb.
Qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatı da yaradılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: