Azərbaycanda yeni "Şeyx Nəsrullah" peyda olub. Bəli səhv eşitmədiniz, Şeyx Nəsrullah! Düzdür adı konkret Şeyx Nəsrullah olmasa da, Yevlax sakini olan Şeyx Elxan göydən üzərinə onun şəkli olan daş yağdığını iddia edir. Mollallıq edən Şeyx Elxan baş verəcək hadisələri əvvəlcədən duyduğunu da deyir. İlahiyyatçıların bu iddialara münasibəti növbəti materialda.
Tapdığı daşın Allah tərəfindən göndərildiyi, daşın üzərindəkinin də öz şəkli olduğunu iddia edir...
Həmçinin, bu daşın onu bəlalardan qorunduğunu, özünün də bu daş vasitəsi ilə insanları qoruyacağını deyir. Yevlaxın Balçılı kəndində yaşayan Elxan kişi özünün qeyri-adi istedadı olduğunu iddia edir. Kənd sakini bir müddət əvvəl tapdığı daşların da hər birinin müəyyən mənaları olduğunu deyir. Özünü Şeyx Elxan kimi təqdim edən şəxs iddia edir ki, baş verəcək hadisələri əvvəlcədən hiss edir.
Onun sözlərinə görə, kənd sakinlərindən bəziləri daşların qeyri-adi olduğuna inansa da, etiraz edənlər də olur. Lakin o, bacarıqları ilə tez bir zamanda məhşurlaşmaq niyyətindədir.
İlahiyyatçılar isə bildirirlər ki, daşın insanı qoruması absurd bir iddiadır. Üstəlik bunun bir din adamının deməsi gülüncdür.
İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, Allah hər bir qulun səmimi duasını qəbul edə bilər. Amma heç kəs qeybi, yəni baş verəcək hadisələri əvvəlcədən görə bilməz.
İlahiyyatçı vətəndaşlara bu cür insanların iddialarına inanmamağı məsləhət görür.