Paytaxtdakı əksər doqquzmərtəbəli binalarda aşağı mərtəbələrə lift xidməti göstərilmir. Əməkdaşlarımız bu məsələ ilə maraqlanıblar. Aidiyyatı qurumların da məsələyə münasibəti var.
Paytaxtdakı əksər doqquzmərtəbəli yaşayış binalarının liftlərində eyni vəziyyət hökm sürür: aşağı mərtəbələr üçün liftlər işləmir.
Binada yaşayan sakinlər də uzun illərdir aşağı mərtəbələr üçün liftin işləmədiyini deyirlər.
Xətai rayonunda 97 saylı Mənzil İstismar sahəsinin rəisi Elşən Əliyevin sözlərinə görə, aşağı mərtəbələr üçün lift xidmətinin nəzərdə tutulmaması hələ Sovet dönəmindən qalan ənənədir. O, məhz elə bu qaydalara görə beşmərtəbəli binalarda liftin quraşdırılmadığını dedi.
Məsələ ilə bağlı Bakı Şəhər İcra hakimiyyətinin Lift Təmir İstehsalat Birliyinin baş mühəndisi Mehdi Hüseynov isə Xəzər Xəbərə bildirdi ki, aşağı mərtəbələr üçün liftin fəaliyyəti həmin mərtəbələrdə yaşayan sakinlər liftpulu ödəmək istəmədiyinə görə onların arzusu ildə dayandırılır. Çünki həmin sakinlər mənzillərinə pilləkənlə qalmağa üstünlük verirlər. Ancaq Mehdi Hüseynov onu da bildirdi ki, bəzən vətəndaş yenidən müraciət edərək lift xidmətinin bərpa olunmasını istəyir və bu istək yerinə yetirilir. Bəzən isə doqquzmərtəbəli binaların inşası zamanı lift üçün hər iki mərtəbədən bir çıxış qoyulur.