Ermənistanın baş naziri Nikol Paşinyan beynəlxalq hüququ və qanunları heçə saymaqda davam edir. O, heç bir ölkə və təşkilatın tanımadığı qondarma "Dağlıq Qarabağ" Respublikasını keçirdiyigörüşlərdə tərəf kimi göstərməyə çalışır. Təsadüfi deyil ki, bu məsələ dövlət başçısı ilə ATƏT-in baş katibi arasındakı görüşdə də əsas müzakirə mövzusu olub və Ermənistana təzyiq göstərilməsinin vacibliyi qeyd olunub.
Ermənistanın baş naziri Nikol Paşinyan fəaliyyətə başladığı ilk günlərdən Dağlıq Qarabağ münaiqşəsinin həlli ilə bağlı ziddiyətli bəyanatlar verir.Bir tərəfdən danışıqlara hazır olduğunu bildirir, digər bir tərəfdən isə Dağlıq Qarabağı danışıqlarda tərəf kimi göstərmək istəyir.
Nikol Paşinyanın "Azərbaycan qondarma "Dağlıq Qarabağ Respublikası" ilə danışıqlar aparmalıdır" kimi absurd mövqeyi təbii ki, Azərbaycan tərəfdən qəbuledilməz hesab olunur. Buna görə də Paşinyanın bu kimi iddiaları sadəcə danışıqlar prosesini pozmaq məqsədi daşıyır.
Təsadufi deyil ki, Prezident İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremigerlə görüşdə də bu məsələni diqqətdə saxladı və beynəlxalq təşkilat kimi qurumdan Ermənistanın danışıqları pozmaq cəhdinə reaksiya verilməsinin labüd olduğunu diqqətə çatdırdı. Millət vəkili Rasim Musabəyov da bildirir ki, Paşinyan hazırda sərsəm bəyanatları ilə danışıqlar prosesinə ciddi zərbə vurur.
Paşinyanın Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma "Dağlıq Qarabağ Respublikası"nın tərkib hissəsi olması kimi bəyanatları Ermənistan rəhbərliyinin beynəlxalq qanunlara, beynəlxalq ictimaiyyətə, xüsusilə də ATƏT Minsk qrupunun həmsədrlərinə hörmətsizliyinin bariz nümunəsidir.
Görünür, Paşinyan son Rusiya səfəri zamanı üzləşdiyi uğursuzluğu bu kimi məsuliyyətsiz bəyanatlar verməklə kompensasiya etməyə çalışır. Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan qeyri-peşakarlardan ibarət komandası ilə düşdüyü mürəkkəb durumu necə həll edəcəyini bilmir. Dövlət başçısı ATƏT-in baş katibi ilə görüşündə də bir daha xatırlatdı ki, Paşinyanın məsuliyyətsiz davranışı nəticəsində danışıqlar pozulacaqsa onda baş verənlərə görə bütün məsuliyyəti də elə Nikol Paşinyan daşıyacaq.