Bakıda istixanada narkotik tərkibli bitkilər əkən şəxs tutulub.
Xəzər rayon polis idarəsinə məlumat daxil olub ki, Mirqasım Qasımov Zirə qəsəbəsində pomidor və xiyar yetişdirmək məqsədilə icarəyə götürdüyü sahədə çətənə kolu əkib. Dərhal əməliyyata başlayan polis Mirqasım Qasımovu saxlayıb.
Onun sözügedən ərazidəki istixanasına baxış keçirilərkən tərəvəzlərin arasından 1230 ədəd çətənə kolu aşkar ediblər. Polis həmin kolları çıxararaq ekspertizaya göndərib. Bundan başqa istixanadan yarım kiloqramdan çox qurudulmuş marixuana da aşkar edilərək götürülüb.
Saxlanılan Mirqasım Qasımov narkotikin toxumlarını Lənkəran şəhərində tanımadığı İran vətəndaşından aldığını deyir. İcarəyə götürdüyü ərazinin sahibinə isə ora gəlməməsi üçün vaxtı vaxtında pulu özü ona çatdıracağını bildirib.
Faktla bağlı Xəzər rayon polis idarəsində başlanan cinayət işi üzrə istintaq davam edir.