Ermənistan hakimiyyəti artıq dalana dirənib. Nikol Paşinyanın komandasında təmsil olunanların siyasi ifşası mövcud hakimiyyətin yararasızlığını bir daha üzə çıxarır. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru və Xüsusi İstintaq Xidmətinin rəhbərinin biabırçı səs yazısının yayılması isə paşinyan hökumətinin fiaskosunu şərtləndirib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru və Xüsusi İstintaq Xidmətinin rəhbərinin biabırçı səs yazısı yayılıb.
Ermənistanda böyük qalmaqala səbəb olan gizli səs yazısı "Youtube" kanallarından birində ortaya çıxıb. Məlumata görə, səs yazısı Ermənistanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan arasında sabiq prezident Robert Koçaryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun həbsi barədə danışıqlardan ibarətdir.
Səs yazısında Vanetsyan təklif edir ki, rusların qəzəbinə səbəb olmamaq üçün Xaçaturovun məsələsinə ciddi yanaşsınlar və onun əvəzinə sabiq müdafiə naziri Seyran Ohanyanı həbs etsinlər.
O, həmçinin Xaçaturovun müavini, yəni general-leytenant Haykaz Bağmanyanın işinə baxılmasını xatırladır. Tərəflərin danışığında hətta Ohanyana qarşı ciddi ittihamların olduğu və onun da həbs ediləcəyi barədə fikir mübadiləsi aparılır. Sasun Xaçatryan qeyd edir ki, Ohanyanın əhalini təhdid edərək, qoşun yeridəcəyi barədə xəbərdar etməsinə dair tutarlı dəlillər var.
Ermənistanın baş naziri Nikol Paşinyan səs yazısının orıjınal olduğunu , milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyanı yanına çağıraraq mətbuat üçün açıqlama verməsinə dair göstəriş verdiyini bildirib.
Daha sonra açıqlama verən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan Sasun Xaçatryan ilə danışığının səs yazısının internetdə yayılması fonunda istefa verməyə hazır olduğunu bildirib.
Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan da ictimaiyyətin tələb edəcəyi təqdirdə, istefaya getməyə hazır olduğunu söyləyib.