Cəlilabadda mənzil qarət edilib. Ev sahibinin azyaşlı övladı ilə əlbir olan şəxs ordan 20 min manat dəyərində qızıl zinət əşyası oğurlayıb. Həmin şəxs daha sonra Bakıya gələrək qiymətli metalları dəyərindən ucuz qiymətə satıb.
Ev sahibinin azyaşlı övladının köməyi ilə 20 min manatlıq qızıl oğurlayıb.
Hadisə Cəlilabad rayonunda baş verib. Rayon sakini Arif İbişov polis şöbəsinə müraciət edərək yaşadığıGöytəpə şəhərindəki evindən avqustun 22-dən sentyabrın 4-dək olan müddətdə 20 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Polis əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Salmanovu saxlayıb, daha bir nəfərin isə şəxsiyyətini müəyyən edib.
Araşdırma zamanı məlum olub ki, Şəhriyar Salmanova qeyd edilən cinayəti törətməkdə ev sahibinin azyaşlı oğlu yaxından köməklik göstərib. Belə ki, o, Şəhriyar Salmanova evdə olmadıqları vaxtı və qızılların yerini söyləyib.
Saxlanılan şəxs qızılları əldə etdikdən sonra Bakı şəhərinə gətirərək satıb.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq davam edir.