Ötən gün rayon yollarında yenə ölümlə nəticələnən qəzalar baş verib. Tovuz, Lerik, Bərdə və Oğuzda qeydə alınan qəzalarda ümumilikdə 3 nəfər ölüb, yaralananlar var.
Ehtiyatsızlıq və diqqətsizliyin səbəb olduğu qəza ölümlə nəticələnib.
Tovuzun Aşağı Quşçu kəndi ərazisində iki avtomobil toqquşub. Nəticədə 31 yaşlı sürücü Hikmət Quliyev yerindəcə ölüb. O, Tovuz Rayon Polis Şöbəsində Post Patrul Xidmətinin əməkdaşı olub. Digər avtomobildə olan Şəmkir rayon sakinləri 26 yaşlı Zaur Murquzov və onun 23 yaşlı həyat yoldaşı Mariya Murquzova xəsarət alıblar. Hər iki yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Lerikdə ehtiyatsızlıq ölümlə nəticələnib. Səhər saatlarında Piran-Hamarat yolunda 57 yaşlı Nəhmətulla Əkbərov avtomobillə gedərkən idarəetməni itirib və avtomobil dərəyə aşıb. Avtombilin icərisində olan sürcünün anası 79 yaşlı Qızbacı Əkbərova hadisə yerində ölüb. Avtomobildə olan digər yaralı Nəhmətulla Əkbərov və bacısı 48 yaşlı İranə Nəhmətova "Təcili yardım" maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hər iki yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Qızbacı Əkbərovanın meyiti isə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Bərdədəki qəzada da ölüm olub. Yevlax-Bəhrəmtəpə yolunun Bərdə rayonu ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub. Nəticədə iki sərnisin xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralilardan biri Mənsurə Kərbalıyeva həkimlərinin səyinə baxmayaraq ölüb.
Oğuz rayonunda baş vermiş avtoqəzada maşın yanaraq yararsız vəziyyətə düşüb. Şəki rayon sakini 63 yaşlı Vaqif Cabbarov sükanı arxasında oturduğu avtomobildə idarəetməni itirib, maşın yolun kənarındakı beton elektrik dirəyinə çırpılıb və yanıb. Sürücü xilas olsa da, avtomobil yanaraq tamamilə yararsız hala düşüb.