Bakı bulvarının tarixi rəmzlərindən biri olan "Qu Quşları" Fəvvarə Kompleksi yenidən bərpa edilərək paytaxt sakinlərinin ixtiyarına verilib. Açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər. Dövlət başçısı və xanımı Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin açılışını da ediblər.
Bakı bulvarındakı "Qu Quşları" fəvvarəsi 1960-cı illərdə qurulub. Dahi şair Nizami Gəncəvi və görkəmli bəstəkar Qara Qarayevin "Yeddi gözəl" poeması və baletindən ruhlanaraq yaradılan və 7 qu quşu heykəlindən ibarət fəvvarə kompleksinin yerində 2007-ci ildə bulvarda aparılan yenidən qurma zamanı mərmər fəvvarələr kompleksi salınmışdı. Amma tarixi qu quşları ilə məşhurlaşan fəvvarə üçün hər zaman bir nostalji var idi.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu tarixi ansambl yenidən bərpa edildi və tarixi siması özünə qaytarıldı. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ərazidə hovuz inşa edilib, 16 fəvvarə dirəyi qurulub, təbii daşlar üzərində heykəltəraş Murad Sücəddinov tərəfindən 7 qu quşu heykəli hazırlanıb. Dövlət başçısı və birinci xanım dənizkənarı milli parkda kiçik Venesiya şəhərciyinin ərazisinə də baxıblar.
Bu gün həm də Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin açılışı olub. Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Sahəsi 2500 kvadratmetr olan mərkəzin fəaliyyətində əsas məqsədi mütaliəyə marağın artırılmasıdır. Burada Azərbaycan və digər dillərdə dünya ədəbiyyatı bestsellerləri, incəsənətə dair nadir albomlar, turistlər üçün bələdçi kitablar, musiqi kitabları və notlar da satılacaq. Burada müxtəlif dillərdə və janrlarda 10 mindən çox adda kitab təqdim olunacaq. Mərkəzdə ümumilikdə, oxucular Azərbaycan dili ilə yanaşı, rus, ingilis, alman, fransız, ispan və ərəb dillərində nəşrlər də əldə edə bilərlər.
Burada oxucuların asudə vaxtının səmərəli keçirməsi üçün kafe də fəaliyyət göstərəcək. Burada, həmçinin oxu zalı, elmi fəaliyyətlə məşğul olanlar üçün tədris guşəsi, görmə qabiliyyəti məhdud şəxslər, uşaqlar üçün guşələr, müxtəlif ədəbi və mədəni xarakterli təqdimat tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulan məkan kitabsevərlərin ixtiyarına veriləcək. Mərkəzdə mütəmadi olaraq müxtəlif kitab təqdimatları, məşhur yazıçılar, şairlər, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri olacaq. Bakı Kitab Mərkəzində oxuculara Heydər Əliyev Fondunun ayrı-ayrı sahələr üzrə nəşrləri də təqdim edilir. Fondun ulu öndər Heydər Əliyev, tariximiz, mədəniyyətimiz, incəsənətimiz, görkəmli şəxsiyyətlərimiz haqqında bir-birindən maraqlı nəşrləri müxtəlif dillərdə ölkəmizin təbliği baxımından mühüm rol oynayır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nizami Gəncəvinin 1941-ci ildə nəşr olunmuş "İsgəndərnamə" əsəri və Dubrovinin 1866-cı ildə çap edilmiş "Zakavkazye" adlı tarixi əsərinin siqnal nüsxələrinə baxıblar.