Türk dünyasının şahzadələr şəhəri Amasyanın 90 minlik əhalisin 35 mini Azərbaycanlıdır. Uzaq olmayan tarixi keçmişimizdə yaşanmış amansız müharibələrdən, çəkişmələrdən qaçaraq öz doğma el-obalarını tərk edən həmvətənlərimiz ən çox Türkiyədə bu şəhərə pənah gətiriblər. Türkiyə büromuzdan Vüsalə Abbasova Amasyadakı həmyerlilərimizin qonağı olaraq onların hekayələri ilə maraqlanıb.
Qaradənizin ən qədim şəhərlərindən biri olan Amasyadayıq. Amasyada Azərbaycan bir parça var desək doğru olar. Hazırda "Yeşilirmaqçay"ının sahilindəyəm. Gördüyünüz bu körpünün üzərindən tam 180 il öncə həmvətənlərimiz bu şəhərə köç etdilər. Onlar Amasya və çevrəsində 15-dən çox kənddə məskunlaşıblar.
Azərbaycan türklərinin Amasyaya ən böyük köçü 1890-1925-ci illəri əhatə edir. Azərbaycanın Şirvan və Qarabağ bölgəsindən, eləcə də Qazax və Göyçə mahalından Amasya və ətraf bölgəyə köç edən insanların marşrut xətləri məşəqqətli və uzun zaman çəkib.
Amasyada azərbaycanlılar öz pullarına inşa etdirdikləri məscid də var. 1837-1895-ci illərdə inşa olunan bu ibadətgah Şirvan məscidi adlanır və bu məscidin digərlərin fərqi də dillərə dastandır.
Amasyanın kəndlərində yaşayan həmyərlilərimiz bir-birlərini Azərbaycandan gəldikləri bölgələrə görə tanıyırlar.
Burada yaşayan həmvətənlərimizin hər birinin dilində vətən həsrətini vəsf edən bayatılar və niskilli ayrılıq hekayələri var.
Amasiyanın hər yerində azərbaycanlı imzası var. Peşəsindən asılı olmayaraq, bu torpaqlara pənah gətirən həmyerlilərimiz Amasyaya yeni nəfəs və öz mədəniyyətlərini gətirərək adlarını tarixə yazdırıblar.