Ermənilər hazırda tarixi abidələrimizin memarlıq quruluşunu da dəyişdirirlər. Dağlıq Qarabağda alban dövrünə aid olan abidələrin hamısının "erməni kilsələri" olduğunu iddia edirlər. Halbuki Sovet dönəmində də ərazidə cəmi bir erməni kilsəsi mövcud idi və bu kilsə burada yaşayan bütün ermənilərin ibadətlərini təmin edirdi.
Dağlıq Qarabağda öz füsunkar gözəlliyi ilə seçilən tarixi abidələrdən biri də - Ağdərə rayonu ərazisindəki Xotavəng məbədidir. Xotavəng məbədi - farscadan tərcümədə "təpədə yerləşən" anlamı verir. Məbəd VI-VII əsrlərdə Alban hökmdarı tərəfindən tikilib. Bu tarixi abidə Alban hökmdarının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib. Ancaq ermənilər şəkillərdən də göründüyü kimi, abidənin giriş tağını tamamilə dəyişiblər.
Bundan başqa abidənin əsas hissəsində də restavrasiya işlərinə başlanıb. Əsas məqsəd isə tam hazır olandan sonra məbədi tamamilə erməni xalqı ilə bağlı olduğunu iddia etməkdir.
Məsələ ilə bağlı Xəzər Xəbərə müsahibə verən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirir ki, mədəni abidələrin əsasının dəyişdirilməsi Ermənistan tərəfindən sistematik şəkildə həyata keçirilən bir prosesdir. Analoji hadisə Azıx mağarasında da müşahidə edilib və Azərbaycan bu hadisələrə dərhal reaksiya verib.
Hikmət Hacıyev bildirir ki, Xarici İşlər Nazirliyi dəyişdirilən tarixi və dini abidələrlə bağlı mütəmadi olaraq işləyir və beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər edilir.
Hikmət Hacıyev onu da bildirir ki, ermənilərin abidələri erməniləşdirməkdə əsas məqsədlərdən biri də işğal altındakı torpaqların gələcəkdə ilhaq edilməsi ilə bağlı mədəni baza formalaşdırmaqdır. Ancaq Azərbaycan heç vaxt bu addımları cavabsız qoymayacaq.